logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Abel Məhərrəmovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 fevral 2024, 10:21

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi - müasir dövrün ən görkəmli dövlət başçılarından birini, xalqımız qarşısında misilsiz xidmətləri olan Müzəffər Ali Baş Komandanı növbədənkənar Prezident seçkilərində qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin yaratdığı şanlı tarixi yaşatmaqla bərabər dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyətiniz ilə müasir tarixi epoxanın əsasını qoymusunuz. Ulu Öndərin ideyalarını praktik şəkildə gerçəkləşdirərək ölkəmizin siyasi, iqtisadi yüksəlişini, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, səhiyyə, idman və digər sahələrin sürətli inkişafını təmin etmiş, Azərbaycanı regionun və dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirmişsiniz. Adınızı tarixə həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasının müəllifi kimi yazmısınız.

Azərbaycan xalqının mənafeyi naminə göstərdiyiniz çoxşaxəli fəaliyyət ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət etmişdir. Xalqımızın ən böyük arzularının reallaşması, Qarabağın tamamilə düşməndən azad olunaraq Azərbaycanın sərhədlərinin bütövləşməsi, ölkəmizin suverenliyinin bərpa olunması üçün dəyanət, iradə və qətiyyət nümayiş etdirmisiniz. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə ilə adınız Zəfər tariximizin səhifələrinə yazılıb. Bütün azərbaycanlılar kimi, mən də ulu ondər Heydər Əliyevin vəsiyyətlərini şərəflə həyata keçirmiş çox müdrik və cəsarətli rəhbərimizlə fəxr edirəm. Torpaqlarımızın azad edilməsi, 30 illik işğala son qoyulması, ölkəmizin ərazi bütövlü tam şəkildə təmin edilməsi və müstəqillik dövründə ilk dəfə olaraq seçkilərin bütün respublika ərazisini əhatə etməsi Sizin müdrik siyasətinizin nəticəsidir.

Möhtərəm Prezidentimiz!

Azərbaycan tarixinin yeni qızıl səhifələri görkəmli dövlət xadimi, mahir siyasətçi kimi Sizin adınızla bağlıdır. Xalqımız Sizinlə - qalib Lideri ilə fəxr edir, qürur duyur, ətrafınızda sıx birləşərək yeni hədəflərə, uğur və nailiyyətlərə doğru inamla irəliləyir. Ölkəyə rəhbərlik etdiyiniz ötən 20 il tarixə yüksəliş dövrü kimi daxil olmuş, verdiyiniz hər bir vədi yüksək səviyyədə yerinə yetirməyiniz Sizə xalq məhəbbəti qazandırmışdır. 2003-cü ildə Yeni Azərbaycan Partiyası tərəfindən vəkiliniz kimi insanlarla ünsiyyət zamanı Sizə olan sevgi və rəğbətin bütün seçki proseslərində, xüsusilə 7 fevral seçkilərində dinamik şəkildə artmasının şahidi olduq.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Vətənimizin daha da tərəqqisi naminə apardığınız şərəfli fəaliyyətlər yüksək nailiyyətlər, uzun ömür, can sağlığı arzulayıram.

Böyük hörmət və ehtiramla,

Abel Məhərrəmov, akademik

Azərbaycan Respublikası, Bakı şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi