Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysdan
14 fevral 2024, 17:20
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Seçkilərdə qələbəniz Zati-alinizin müdrik liderliyininin təsdiqidir. Mən növbəti səlahiyyət müddətinizdə Sizə davamlı uğurlar arzulayıram.
Azərbaycan Respublikası neft hasil edən vacib ölkə kimi mühüm rola malikdir, OPEC və qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinin əsas üzvüdür. Biz ümumi məqsədlərimizə nail olunmasında və qarşıdakı illərdə qlobal neft və enerji sənayesinin qarşısında duran çağırışların həllində ölkənizlə sıx əməkdaşlığı davam etdirməyə ümidvarıq.
Biz, həmçinin bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı təbriklərimizi çatdırırıq. Bu tədbirdə OPEC də iştirak edəcək.
Cənab Prezident, icazə verin Sizi bir daha təbrik edim və Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirim.
Haysam Əl-Qays
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi