Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən
14 fevral 2024, 15:38
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edim. Azərbaycan vətəndaşlarının geniş dəstəyi Sizin dövlət başçısı vəzifəsində əvvəlcədən seçdiyiniz yolun – respublikanın və onun vətəndaşlarının inkişafı, rifahı naminə kursun uğurlu olmasını təsdiq edir. Sizə Azərbaycan xalqının rifahı naminə məhsuldar fəaliyyət, respublikanın beynəlxalq və regional statusunun gələcəkdə də möhkəmləndirilməsini arzulayıram.
Azərbaycan nüfuzlu, tolerant, multikultural və çoxkonfessiyalı dövlət statusunu ardıcıl olaraq sübut edir. Bir tərəfdən ənənələrin və tarixi irsin vəhdəti, digər tərəfdən müasir dünya dəyərlərinə açıq münasibət təkcə düşünülmüş daxili siyasət yürütməyə deyil, həm də xarici əlaqələri möhkəmləndirməyə imkan verir. Bu gün Azərbaycan öz beynəlxalq mövqelərini sürətlə gücləndirir və dünya miqyasında əməkdaşlıq üçün ən yüksək səviyyədə platformaya çevrilir.
Cənab Prezident, İsrail Dövləti ilə ikitərəfli münasibətlərin inkişafı üzrə fəal mövqeyinizə görə Sizə minnətdarıq. Avrasiya Yəhudi Konqresi onilliklər ərzində ardıcıl olaraq İsrail-Azərbaycan əməkdaşlığının müxtəlif sahələrdə inkişafına töhfə verir, respublikanın ərazisində yəhudilərin həyat tərzini dəstəkləyir və yəhudi mədəni irsini qoruyur. Ötən il Konqresin himayəsi ilə Avrasiya Yəhudi Tədqiqatları İnstitutu “Azərbaycan yəhudiləri və dağ yəhudiləri diasporu XXI əsrin ikinci və üçüncü onillikləri astanasında” monoqrafik hesabatını dərc edib.
Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, tərəqqi, sülh və əmin-amanlıq arzulayım.
Dərin hörmətlə,
Mixail Mirilaşvili
Avrasiya Yəhudi Konqresinin prezidenti