Nərmin Əliyevadan, Qlazqo, Şotlandiya


14 fevral 2024, 11:10
Hörmətli cənab Prezident,
2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində əldə etdiyiniz böyük qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Şübhəsizdir ki, bu qələbə xalqımızın Sizə olan inamının və sevgisinin bariz nümunəsidir. Dövlətimizin gündən-günə inkişafı, xalqımızın rifah halının yaxşılaşması və ölkəmizin dünya arenasında nüfuz qazanması birbaşa Sizin uzaqgörən siyasətinizin nəticəsidir.
Qətiyyətli siyasi iradəniz və düşünülmüş addımlarınız sayəsində Azərbaycan xalqı 30 illik həsrətində olduğu əzəli və əbədi torpaqlarına geri döndü. Bizə yaşatdığınız Zəfər sevinci xalqımızda Sizin rəhbərliyiniz altında gələcəyə dair böyük ümid yaratmış oldu. Ölkə daxilində və xaricində qazandığınız uğurlar Azərbaycan xalqının növbədənkənar prezident seçkilərində layiqli namizədə, Qalib Xalqın Qalib Lideri olan - Sizə səs verməsi ilə nəticələndi.
Cənab Prezident, bu çətin və məsuliyyətli işinizdə uğurlar, xalqımıza isə əmin-amanlıq və firavan həyat arzu edirəm.
Dünyanın hansı ölkəsində olmağımızdan asılı olmayaraq daima siyasətinizi dəstəkləyir və Sizinlə qürur duyuruq.
Yaşasın Azərbaycan! Yaşasın İlham Əliyev!
Hörmətlə,
Nərmin Əliyeva, Qlazqo Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri.
Şotlandiya, Qlazqo şəhəri.