İkinci Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində İlham Əliyevin nitqi
04 oktyabr 2012, 10:45
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar, əziz dostlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün İkinci Bakı
Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Foruma gəlmiş bütün qonaqlar bizim əziz qonaqlarımızdır. Əminəm ki, bu gün və sabah keçiriləcək görüşlər, aparılacaq diskussiyalar çox dəyərli olacaq, yeni fikirlər ortaya çıxacaq və beləliklə, humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açılacaqdır.
Mən çox şadam ki, Birinci Forumdan keçən dövr ərzində biz bu müsbət meyilləri daha da gücləndirə bilmişik. İkinci Forumun təşkili əslində onu göstərir ki, Birinci Forum çox uğurlu keçmişdir. Əminəm ki, bundan sonra üçüncü, dördüncü, beşinci forumlar keçiriləcəkdir və artıq bu gözəl ənənə yaranmaqdadır. Buna doğrudan da böyük ehtiyac vardır.
Çünki Birinci Forumun yekunları, qəbul edilmiş qərarlar, Bəyannamə, əslində, hamımızın gələcəyə olan baxışlarını ifadə edir. Bu baxışlar ondan ibarətdir ki, biz çalışmalıyıq bütün dünya xalqları bir yerdə olsunlar. Biz çalışmalıyıq ki, qarşılıqlı anlaşma meyilləri güclənsin, dini, milli zəmində qarşıdurmalara yol verilməsin. Əksinə, əməkdaşlıq meyilləri daha da gücləndirilməlidir. Ümid edirəm ki, İkinci Forumun yekunları da müsbət olacaqdır. Beləliklə, dünya miqyasında humanitar məsələlərlə bağlı yeni bir format yaranmaqdadır.
Bakıda Humanitar Forumun keçirilməsi təsadüfi deyildir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafını davam edəcəkdir.
2008-ci ildə Bakı prosesi başlamışdır. Bakı prosesi 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin iştirakı ilə başlamışdır. Bu müsbət təcrübə artıq ona gətirib çıxardı ki, Bakı prosesi başlandı. Ondan sonrakı dövrdə digər beynəlxalq tədbirlər keçirilmişdir və nəhayət, Beynəlxalq Bakı Forumu artıq bir forum kimi formalaşmış və indi bu proses uğurla davam edir.
Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə hesab edirəm ki, hamımız üçün çox maraqlıdır.
Multikulturalizm Forumun mövzularından biridir. Əminəm ki, bu mövzu ilə bağlı çox dəyərli fikirlər səslənəcək, diskussiyalar aparılacaqdır. Mulltikulturalizmin müsbət gələcəyi haqqında fikirlər çox vacibdir və lazımdır. Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar.
Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü və gələcəyi vardır. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyillərini gücləndirmək üçün öz səylərimizi qoyaq. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən biri də məhz multikulturalizm meyillərinin gücləndirilməsidir.
Multikulturalizmin alternativi yoxdur. Mən bu barədə keçən Forumda da fikirlərimi bildirmişəm. Bir daha tam əminliklə deyə bilərəm ki, multikulturalizm gələcək inkişaf üçün ən məqbul variantdır. Çünki multikulturalizmin alternativi özünü təcriddir. XXI əsrdə qloballaşan dünyada hesab etmirəm ki, hər hansı bir dövlət öz gələcəyini özünütəcrid prinsipləri əsasında qurmağa cəhd etsin. Ona görə, Forumda səslənəcək fikirlər, xüsusilə bu mövzu ilə bağlı fikirlər hesab edirəm ki, bizim ümumi işimizə dəyərli töhfə olacaqdır. Biz çalışmalıyıq ki, bütün dünya xalqları bir-biri ilə əməkdaşlıq etsinlər, qarşılıqlı anlaşma güclənsin, qarşıdurmaya yol verilməsin. Bəzi hallarda təxribat xarakterli addımlar, bəyanatlar, hərəkətlər qeyri-adekvat reaksiya ilə üzləşir və beləliklə qarşıdurma, qarşılıqlı etimadsızlıq meyilləri güclənir. Biz bunu bölgəmizdə də, digər bölgələrdə də görürük. Ona görə, hesab edirəm ki, həm siyasətçilərin, həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin məsuliyyəti ondan ibarətdir ki, müsbət meyilləri, müsbət təcrübəni işıqlandırmaq lazımdır. Biz fəaliyyətimizi bu müsbət təcrübə əsasında qurmalıyıq. Hesab edirəm ki, əgər bax bu yanaşma üstünlük təşkil edərsə, o zaman dünya daha da əmniyyətli olacaqdır və xalqlararası əlaqələr müsbət, sağlam zəmində qurulacaqdır.
Dediyim bütün bu məsələləri uğurla həll etmək üçün əlbəttə ki, cəmiyyətlərdə, xüsusilə inkişaf etməmiş ölkələrdə təhsilin səviyyəsi mühüm rol oynayır. Biz Azərbaycanda bu sahəyə böyük diqqət göstəririk. Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir. Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir.
İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir. Ölkələr var ki, zəngin təbii resurslara malikdir. Ancaq intellektual səviyyə aşağı olduğu üçün o ölkələr dayanıqlı inkişafa nail ola bilməzlər. Ona görə biz Azərbaycanda təbii resurslarımızı, ilk növbədə, intellektual potensiala çevirmək üçün proqramlar tərtib etmişik və vaxtilə bəyan etdiyimiz prinsip – “qara qızılı insan kapitalına çevirmək” prinsipi bu gün artıq işləyir. Azərbaycanda gənc, istedadlı intellektual təbəqə formalaşır. Biz görürük ki, müasir yanaşma olduğu halda dərhal inkişaf da olur, tərəqqiyə meyillər də göstərilir. Təhsilin səviyyəsi yüksək olan ölkələrdə xoşagəlməz hallar da nadir hallarda olur və mübarizə sivil qaydalarla aparılır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində narazılıq halları artmaqdadır. Bəzi hallarda bu narazılıq çox qabarıq şəkildə özünü göstərir – toqquşmalarla, davalarla, qan tökmə ilə nəticələnir. Təhsilin, ümumi mədəniyyətin səviyyəsi yüksək olan yerlərdə isə bu, sülh xarakteri daşıyır. Biz çalışmalıyıq ki, - hər halda biz Azərbaycanda buna çalışırıq, - mədəni, sivil mübarizə yolları üstünlük təşkil etsin. Bu, bizim üçün lazımdır, bölgə üçün lazımdır. Çünki biz bu bölgədə yaşayırıq, biz adada yaşamırıq. Baxmayaraq ki, Azərbaycanda bütün işlər müsbət istiqamətdə inkişaf edir, - həm iqtisadi sahədə, siyasi islahatların aparılması sahəsində, humanitar sahədə, - yenə də biz əlbəttə ki, bu bölgədə yaşayırıq və bölgələrin problemləri bizim üçün də çox vacibdir. Çalışmalıyıq ki, xoşagəlməz meyillərin qarşısı maksimum dərəcədə alınsın və istənilən etiraz dalğaları sivil qaydalarla aparılsın. Bilirəm ki, təhsil Forumun mövzularından biri olacaqdır və bu sahəyə əlbəttə ki, xüsusi diqqət göstərilməlidir.
Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Müstəqilliyimizin cəmi 21 yaşı vardır. Ancaq Azərbaycan çox zəngin mədəni irsə malik olan bir ölkədir. Bizim mədəni irsimiz dövlət tərəfindən lazımınca qorunur, beynəlxalq təşkilatlar tərəfindən qorunur. Uzun illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, biz milli xüsusiyyətlərimizi, mənliyimizi qoruya bilmişik, milli identifikasiyamızı itirməmişik – və bunun başlıca səbəbi mədəniyyətdir.
Bizim ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, ana dilimiz, milli dəyərlərimiz vardır. Bizim milli dəyərlərimiz ümumbəşəri milli dəyərlər əsasında qurulubdur. Hesab edirəm ki, qloballaşan dünyada xüsusilə gənc nəsil üçün milli mənəvi dəyərlər xüsusi rol oynayır və oynamalıdır. Hər halda biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir. Çünki biz bu gün sürətli elmi-texniki tərəqqi dövründə yaşayırıq. Yeni texnologiyalar, internet və digər texnologiyalar, əlbəttə, bizim üçün çox vacibdir və Azərbaycan bu sahədə böyük uğurlara nail ola bilibdir. Azərbaycanda internet tam azaddır və internet istifadəçilərinin sayı artıq 65 faizə çatmışdır.
Ancaq bununla bərabər, biz çox istəyirik ki, gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda, öz tarixinə, mədəniyyətinə hörmət ruhunda böyüsün, tərbiyə alsın. Beləliklə, hesab edirəm ki, dünya üçün də və dünyada gedən proseslər üçün də bu, müsbət rol oynayacaqdır.
Humanitar sahədə digər istiqamətlər də böyük əhəmiyyət daşıyır. Bəzi hallarda, misal üçün, idmanla bağlı məsələlərə biz sadəcə olaraq bir idman yarışı kimi baxırıq. Ancaq o da həqiqətdir ki, dünyada Olimpiya oyunları kimi ikinci belə mötəbər tədbir tapmaq çətindir ki, insanları bu qədər birləşdirsin. Olimpiya oyunları bütün xalqları, bütün insanları birləşdirir. Bu, həm rəqabətdir, həm yarışdır, həm də dostluq və qarşılıqlı anlaşma rəmzidir. Bəzi hallarda bir-biri ilə düşmənçilik edən ölkələrin nümayəndələri döyüş meydanında yarışırlar, bir-birinin əlini sıxır və bir-birini qələbə ilə təbrik edirlər. Əfsuslar olsun ki, biz bunu yalnız Olimpiya oyunları zamanı görə bilərik. Beləliklə, idman amili mədəniyyətlərarası dialoqun gücləndirilməsində də çox mühüm rol oynayır və biz Azərbaycanda bu sahəyə böyük diqqət göstəririk. İdmanda əksər hallarda mübarizə qaydalar əsasında aparılır və bu, yəqin ki, idmanı siyasətdən fərqləndirən əsas amildir.
Siyasətçilərin məsuliyyəti haqqında da bir neçə kəlmə demək istəyirəm. Hesab edirəm ki, dünyada gedən ağrılı, yəni, narahatlıq doğuran proseslərin təməlində siyasətçilərin məsuliyyətsizliyi dayanır. Bu məsuliyyətsizlik müxtəlif formalarda özünü büruzə verir. Bəzi siyasətçilərin təxribat xarakterli bəyanatlarının o qədər də yüksək savadı olmayan insanları hansısa aqressiv yollara təhrik etməsi halları artıq müşahidə olunur. Digər tərəfdən, siyasətçilərin qeyri-real vədləri, populist çıxışları və real iqtisadi əsaslara söykənməyən sosial təşəbbüslər cəmiyyətlərdə haqlı narazılığa səbəb olur.
Maliyyə və iqtisadi böhranın yəqin ki, əsas səbəblərindən biri də məhz budur. Qeyri-real vədlərin verilməsi, populist vədlər və ifrat dərəcədə borclanma meyilləri əslində maliyyə və iqtisadi böhranı şərtləndirən amillərdən biridir.
Humanitar sahədə də siyasətçilərin məsuliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki internet dövründə, qloballaşan dünyada dünyanın istənilən yerində deyilən hər bir söz dərhal əks-səda doğurur. Ona görə, siyasətçilər daha da məsuliyyətli olmalı, bu məsuliyyəti dərk etməlidirlər. Belə olan halda dünyada gərginliyin hərarəti kəskin şəkildə aşağı düşəcəkdir.
Humanitar məsələlərdən danışarkən, əlbəttə, bizi ən çox narahat edən problem haqqında da bir neçə kəlmə söz demək istəyirəm. Azərbaycan artıq 20 ildir ki, humanitar fəlakətlə üzləşibdir. İyirmi ildir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalının altındadır. Bu işğal davam edir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan və ətraf bölgələrdən qovulmuşdur. Hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır.
Bir milyondan artıq qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün öz doğma torpağına qayıda bilmirlər. Çünki Ermənistanın işğalçı siyasəti bu gün də davam edir.
Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı törədildi, günahsız insanlar, onların içində qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirildi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı. Yəni, həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqırımı törədildi. Bu soyqırımını, bu vəhşiliyi törədənlər hələ ki, dünya birliyi tərəfindən adekvat qınaqla üzləşməyiblər.
Düzdür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi yoxdur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm hörmət azalır, həm inam itir.
BMT Təhlükəsizlik Şurası 20 il bundan əvvəl erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul etmişdir. Onların heç biri icra edilmir. Bütün digər mötəbər beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa təşkilatlar da oxşar qətnamələr qəbul etmişlər. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Ancaq münaqişə hələ ki, öz həllini tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağıdır. Ancaq onlar anlamalıdır ki, status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki bu, tezliklə olsun, sülh yolu ilə olsun. Çünki biz bölgə çərçivəsində artıq sabitləşdirici rolunu oynamağa başlamışıq və əlbəttə çalışırıq ki, bölgədə sabitlik pozulmasın. Amma digər tərəfdən, bu işğalla da barışmaq mümkün deyildir.
Ona görə hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıbdır. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər.
Bu problemə baxmayaraq, ölkəmiz müstəqillik dövründə böyük və uğurlu yol keçmişdir. Azərbaycanda aparılan siyasi islahatlar bu gün azad cəmiyyətin yaranmasına gətirib çıxarmışdır. Azərbaycanda bütün azadlıqlar vardır, siyasi islahatlar, demokratiyanın inkişafı uğurla davam edir. Eyni zamanda, iqtisadi sahədə islahatlar siyasi islahatları daha da gücləndirir. Çünki siyasi islahatları iqtisadi əsaslar olmadan aparmaq bəzi hallarda uğursuzluğa gətirib çıxarır və biz tarixdən bunu bilirik. Ona görə, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır. İqtisadi sahədə, - və nəzərə alsaq ki, bu forumun mövzularından biri də iqtisadi məsələlərdir, - son illər ərzində biz böyük uğurlara nail ola bilmişik. Bir neçə rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan son bir neçə il ərzində dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə olmuşdur. Son 7-8 il ərzində iqtisadiyyatımız 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 49 faizdən 7 faizə düşmüşdür. Biz çalışacağıq ki, ondan da aşağı düşsün. İşsizlik problemi demək olar ki, köklü şəkildə həll edilmişdir. Əlbəttə ki, hələ işsizlər vardır. Ancaq onların sayı 5,4 faizdir.
Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu da onu göstərir ki, biz iqtisadi islahatlarımızı, təşəbbüslərimizi aparmaqla, irəli sürməklə fəaliyyətimizi daxili resurslar üzərində qurmuşuq. Çox borc götürməmişik. Ona görə də biz xarici borcu istənilən vaxt tam şəkildə ödəyə bilərik. Bu göstəriciyə görə, hesab edirəm ki, Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar bəhrəsini verir. Bildiyiniz kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olan bir ölkədir. Ancaq bu ilin 6 ayının göstəriciləri onu deyir ki, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox inkişaf edib. Yəni, şaxələndirmə prosesi artıq reallıqdır. Gələcəkdə uzunmüddətli, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün bütün imkanlar vardır. İlk növbədə, siyasi iradə vardır. Ondan sonra artıq güclü maliyyə vəziyyəti mövcuddur.
Bizim tərəfimizdən irəli sürülmüş enerji və nəqliyyat layihələri nəinki Azərbaycan və bölgə üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Yəni, biz gələcəyimizi indidən proqnozlaşdıra bilərik və görə bilərik ki, 5 ildən, 10 ildən sonra Azərbaycan necə inkişaf edəcəkdir. Mən bütün bu islahatları aparan bir şəxs kimi heç bir çətinlik görmürəm. Mən əminəm ki, iqtisadi sahədə inkişaf dayanıqlı və sürətli olacaqdır.
Sosial məsələlərin həllinə gəldikdə, insanların rifah halı yaxşılaşır və yoxsulluğun azaldılması buna dəlalət edir. Sosial ədalət prinsipləri Azərbaycanda əsas rol oynayır, bazar iqtisadiyyatı prinsipləri inkişafımız üçün əsas alətdir və hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83 faizdir. Yəni, biz 21 illik müstəqillik dövründə nəinki keçid mərhələsini başa vurmuşuq, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçə, eyni zamanda, aparılan islahatlarla neft-qaz amilindən iqtisadi inkişafımızın və vətəndaşlarımızın gələcək asılılığını maksimum dərəcədə azalda bilmişik.
Növbəti illərdə elmi-texniki tərəqqi, yüksək texnologiyaların tətbiqi ilə bağlı bizim kifayət qədər geniş planlarımız vardır.
Gələcəyə baxışlarımız da çox aydındır. Müasir, müstəqil Azərbaycan dövləti bir neçə prinsip üzərində qurulmuşdur.
Bunların arasında güclü dövlət anlayışı çox mühüm yer tutur. Çünki müstəqillikdən məhrum edilmiş, əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamış xalq üçün dövlətçilik əsasları müstəsna əhəmiyyət daşıyır. Dövlətçilik əsaslarının möhkəmləndirilməsi işində əlavə tədbirlər görüləcəkdir. Güclü dövlət bizim ümummilli fikrimizdir, ümummilli ideyamızdır.
Bununla bərabər, daxili resurslarımıza istinad etməyimiz də bizə uğur qazandırdı. Yenə də deyirəm ki, bütün bu uğurları biz böyük borc almadan daxili imkanlar hesabına əldə edə bilmişik. Yəni, bu anlayış da bizim üçün çox önəmlidir. Biz milli mənəvi və dini dəyərlərə bağlı olan xalqıq və dəyərlərimizi yüksək qiymətləndiririk. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir. Cəmiyyətin və dövlətin dünyəvi əsasları kifayət qədər güclüdür. Hesab edirəm ki, növbəti illərdə bu istiqamətdə proseslər ancaq müsbət istiqamətdə davam edəcəkdir.
Bayaq qeyd etdiyim kimi, Azərbaycan əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dinlərin, xalqların vətəni olmuşdur və bu gün də belədir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir ayrı-seçkilik qoyulmur və qoyula da bilməz. Yəni, bu da müasir Azərbaycanı təcəssüm etdirən amillərdən biridir. Onu deyə bilərəm ki, bu sahədəki təcrübəmiz artıq başqa ölkələrdə də maraq doğurur.
Sosial ədalət prinsipləri mütləq möhkəmləndirilməlidir. Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır.
Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar.
Cəmiyyətdə, ümumiyyətlə, çox müsbət ab-hava, quruculuq, yaradıcılıq və inkişaf ab-havası vardır. Bütün bu müsbət meyilləri gücləndirmək üçün əlbəttə ki, beynəlxalq əməkdaşlığa böyük ehtiyac vardır. Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsində öz rolunu oynayır. Bu rol əminəm ki, gələcəkdə yalnız artacaqdır. Bunun təbii səbəbləri vardır, çünki biz qitələrin arasında yerləşirik. Siyasi səbəbləri vardır, çünki bu, bizim siyasi əqidəmizdir və tarixi əsasları vardır. Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Dünyada bir neçə ölkə vardır ki, hər iki təşkilatın üzvüdür. Avropadan Azərbaycana baxdıqda bəzi hallarda avropalıIara Azərbaycan Asiya ölkəsi kimi təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxanda Avropa ölkəsi kimi təqdim edilir. Yəni, deyə bilərəm ki, Azərbaycanda bu sintez - mədəniyyətlərin sintezi mövcuddur. Demək olar ki, bu, bizim milli mənliyimizi şərtləndirən amillərdən biridir.
Təbii coğrafi körpü olmaqla bərabər, biz humanitar sahədə də körpü rolunu oynamağa çalışırıq. Forumun əsas məqsədi ondan ibarətdir.
Bir daha demək istəyirəm ki, birinci Forumun yekunları, keçən il aparılan diskussiyalar bizi doğrudan da böyük dərəcədə ruhlandırdı. Əminəm ki, bu Forumun nəticələri də müsbət olacaqdır. Bütün qonaqlar burada öz dəyərli fikirlərini bildirəcəklər. Bu Forumda tanınmış siyasi, ictimai xadimlər, Nobel mükafatı laureatları, media nümayəndələri, alimlər iştirak edirlər. Yəni, dünyanın 60-dan çox ölkəsindən nümayəndələr vardır. Deyə bilərəm ki, dünyanın intellektual elitası bu gün və sabah Bakıda öz dəyərli fikirlərini bildirəcəkdir.
Mən bir daha sizi, əziz qonaqlar, səmimiyyətlə salamlayıram. Mən bilirəm ki, qonaqlarımızın bəziləri ilk dəfə Azərbaycana səfər edirlər. Əminəm ki, bu səfər, eyni zamanda, ölkəmizlə tanışlıq üçün gözəl imkan olacaqdır və siz öz təəssüratlarınızı qəlbinizdə saxlayacaqsınız. Mən bilirəm ki, Bakıya bir dəfə gələn hər bir qonaq şəhərimizə yenə qayıtmaq istəyir.
Bir daha sizi salamlayıram və Forumun işinə uğurlar arzulayıram.
Sağ olun!