Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08 oktyabr 2012, 20:31
Zəngin keçmişi və qədim ənənələri olan Bərdə şəhəri Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında özünəməxsus yer tutmuş, dövlətçiliyimiz tarixinə töhfələr vermişdir. V əsrdə Azərbaycanın qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş Bərdə şəhəri erkən orta əsrlərdən mühüm karvan yollarının qovşağında yerləşən Yaxın və Orta Şərqin iri ticarət-sənətkarlıq mərkəzi kimi inkişaf etmişdir. Qarabağ torpağının tarixi məkanlarından biri sayılan Bərdənin gözəlliklərini və əzəmətini hələ XII əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi əsərlərində tərənnüm etmişdir.
Bərdə rayonu ərazisindəki tarixi memarlıq abidələri, o cümlədən XIV əsrə aid Axsadan baba və Bərdə türbələri, XVIII əsrə aid Səkkizguşəli türbə və İbrahim məscidi maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyan Bərdə öz tarixi simasını saxlamaqla, sürətlə abadlaşır. Burada bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilərək, müasir Müalicə-Diaqnostika Mərkəzi və Olimpiya İdman Kompleksi, təhsil və səhiyyə obyektləri, yeni istirahət guşələri inşa olunmuş, yollar çəkilmişdir.
Bərdənin tarixi abidələri, bərəkətli torpağı və hazırkı infrastrukturu tikinti-abadlıq işləri aparılarkən rayonun özünəməxsusluğunun nəzərə alınmasını və mövcud potensialdan maksimum dərəcədə səmərəli istifadə olunmasını zəruri edir.
Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2012-ci il.