Akademik Akif Əlizadədən, Bakı, Azərbaycan


09 fevral 2024, 10:25
Hörmətli cənab Prezident!
Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Növbəti müddətə dövlət başçısı seçilməyiniz xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanır. 7 fevral 2024-cü il - tarixi qələbəniz son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini Sizə verməklə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.
Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Mən bir alim olaraq və 90 yaşımın tamamına yaxın bir vaxtda bütün məsuliyyətimlə deyə bilərəm ki, bu seçkilərin nəticəsi Azərbaycanda yeni fərəhli dövrün başlanğıcıdır.
Qürurverici hal həm də odur ki, ilk dəfə olaraq bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi. Bununla da Azərbaycan tarixinin çox mürəkkəb dövrünə yekun vuruldu. Məhz Sizin Ali Baş Komandan kimi qüdrətli sərkərdəlik şücaətiniz, daxili və xarici siyasətdə uzaqgörənliyiniz sayəsində qazanılan uğurlar Azərbaycanı dünyada yenidən tanıtdırdı, onun rəhbərinin liderlik məziyyətlərini nümunəyə çevirdi.
Yeni dövrdə yeni qələbələrə aparacaq müdrik rəhbəri bir daha təbrik edir, ölkənin xoşbəxt gələcəyini təsəvvürümdə daha aydm canlandırıram.
Hörmətli Prezident! Bütün xalqa bəxş etdiyiniz bu ümid və inama görə alim geoloqlar kollektivi adından Sizə minnətdaram!
Dərin hörmətlə,
Akif Əlizadə, akademik
Azərbaycan Respublikası, Bakı şəhəri