İlham Əliyev Yevlax şəhərində Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir
07 oktyabr 2012, 18:45
Prezident İlham Əliyev Yevlax şəhərində Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə yaxından tanış oldu.
Məlumat verildi ki, parkın ümumi sahəsi 10 min kvadratmetrdən çoxdur. Onun 7 min kvadratmetrindən çoxunu ancaq yaşıllıq sahəsi təşkil edir. Parkın mərkəzində Xalq Şairi Səməd Vurğunun abidəsi ucaldılmışdır.
Prezident İlham Əliyev Xalq Şairi Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoydu.
Parkda dörd fəvvarə quraşdırılmış, uşaq əyləncə meydançası yaradılmışdır. Səməd Vurğunun abidəsinin arxa hissəsində şairin kitablarından ibarət kompozisiya qurulmuşdur. Müasir işıqlandırma sistemi, oturacaqlarla təmin olunan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Diqqətə çatdırıldı ki, insanların mədəni istirahətinin yüksək səviyyədə təşkil olunmasına xidmət edən belə layihələrin icrası yeni şəhər elementlərinin meydana çıxmasına imkan verir. Bu, həm də belə istirahət məkanlarının yerləşdiyi ərazilərdə gedən inkişaf proseslərinin göstəricisidir.
Azərbaycan Prezidenti parkda yaradılmış şəraitdən razılığını bildirdi.