İlham Əliyev Bərdədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur
07 oktyabr 2012, 15:50
Prezident İlham Əliyev Bərdədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Bərdədəki Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, Bayraq Meydanının inşasına ötən ilin iyununda başlanılmış, bu ilin sonunda başa çatdırılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Burada inşa edilmiş fəvvarə meydanın gözəlliyini daha da artırır.
Diqqətə çatdırıldı ki, meydan yaradılarkən Azərbaycan memarlıq sənətinin bütün elementlərindən istifadə olunmuşdur. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, 1200 gül və bəzək kolu əkilmişdir. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılmış, istirahət üçün hər cür şərait yaradılmışdır.