Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvlərindən, London, Böyük Britaniya
31 yanvar 2024, 11:10
Hörmətli cənab Prezident.
Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurası olaraq fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi qətiyyətlə dəstəkləyirik. Sizin rəhbərliyinizlə Azərbaycanda böyük dəyişikliklər baş vermiş, ölkəmizin müstəqilliyi möhkəmlənmiş, suverenliyi tam bərpa edilmiş, xalqımızın firavanlığı təmin olunmuşdur. Sizin müdrik xarici və daxili siyasətiniz, fenomenal siyasi iradəniz nəticəsində ötən il Azərbaycanın bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə bizim deyil, həm də türk dünyasının böyük uğurudur. Sizin zəngin siyasi təcrübəniz, enerjiniz və peşəkarlığınız, eləcə də ən çətin məsələlərdə düzgün qərar vermək bacarığınız sayəsində Azərbaycan bu gün böyük iqtisadi nailiyyətlər qazanıb və nüfuzlu dövlətlərdən birinə çevrilib.
Cənab Prezident, növbədənkənar prezident seçkiləri Azərbaycanın tarixində ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni mərhələnin başlanğıcı olan mühüm bir vaxtda keçirilir. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan müasirləşmə, rəqəmsal iqtisadiyyat, “yaşıl enerji”, təhsil, elm, səhiyyə istiqamətlərində irəliyə doğru mühüm addımlar atır. Beynəlxalq miqyasda nüfuzu getdikcə artan Azərbaycan qlobal məsələlərə də öz töhfəsini verir.
Qarşıya qoyulan hədəflərə isə yalnız dövləti və cəmiyyəti səfərbər edə bilən güclü və uzaqgörən Liderlə nail olmaq mümkündür. Siz yüksək keyfiyyətləriniz, dövlət və xalq qarşısındakı xidmətlərinizlə Azərbaycana davamlı nailiyyətlər qazandıran, ölkəni daha parlaq gələcəyə aparan ən ideal namizədsiniz.
Cənab Prezident, Sizə dəstəyimizi bir daha ifadə edərək müdrik rəhbərliyinizlə Azərbaycanın daim qələbələr qazanmasını arzulayırıq. Nəticələri ölkəmiz və bütövlükdə region üçün taleyüklü olacaq növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirik.
Hörmətlə,
Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvləri:
Fəridə Pənahova,
Hafiz Baxşəliyev,
Murad Nağıyev,
Nərgiz Morrison,
Pərvanə Ağazadə,
Savaş Mərəndli.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, London şəhəri.