İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etmişdir
31 avqust 2010, 15:12
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
Müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlətimizin başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş etmişdir. Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan Prezident İlham Əliyev islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləmişdir. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı respublikamızın da müsəlman dövlətlərində səfirliklərinin sayının getdikcə artdığını demişdir.
Azərbaycan ilə islam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının xətti ilə Bakıda bir sıra mötəbər tədbirlərin keçirildiyini qeyd etmişdir. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı seçildiyini diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin islam həmrəyliyinə töhfələrini əsirgəmədiyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin nizama salınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini də demişdir. Münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğulayan dövlətimizin başçısı bir daha beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırmışdır.
Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan Prezident İlham Əliyev bir daha görüş iştirakçılarına xoş arzularını çatdırmışdır.
Özbəkistanın səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından Prezident İlham Əliyevi və xalqımızı təbrik etmiş, sülh və firavanlıq arzulamışdır. O, müqəddəs Ramazan ayı münasibətilə dövlətimizin başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətini vurğulamışdır. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlarda xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan səfir bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasət nəticəsində ölkəmizin mövqelərinin dünyada durmadan möhkəmləndiyini qeyd etmişdir. İsmatilla Yerqaşev Azərbaycanın Cənubi Qafqazda sabitlik və dinamik inkişafı təmin edən ölkə olduğunu demişdir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman ölkələrinin mövqeyinin dəyişməz olduğunu vurğulamışdır.
İslam Konfransı Təşkilatında fəal mövqeyi ilə seçilən Azərbaycanın dini tolerantlıq və sivilizasiyalararası dialoqun bariz nümunəsi olduğunu deyən səfir bir daha xalqımıza və dövlətimizin başçısına ən xoş arzularını çatdırmışdır.
Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.