Nərmin Əzimzadə-Sadıqovadan, Vaşinqton, ABŞ
23 yanvar 2024, 17:51
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
ABŞ-da yaşayan və fəaliyyət göstərən bir azərbaycanlı kimi Sizə səmimi arzularımı çatdırmaq istəyirəm. Sizin növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən verilən namizədliyinizi həmin partiyanın üzvü kimi, eyni zamanda, xaricdə yaşayıb qəlbi daim Vətən sevgisi ilə döyünən bir ziyalı kimi bəyənir və dəstəkləyirəm.
Bu gün Azərbaycan Qalib dövlətdir. Dünya dövlətləri arasında xüsusi yeri olan bir ölkədir. Qalib Azərbaycan Sizin əsərinizdir.
30 ilə yaxın işğal altında olan torpaqlarımız məhz Sizin rəhbərliyinizlə azad edildi və öz sahibinə qaytarıldı. Bu apardığınız güclü siyasətin nəticəsidir. Səbirlə, təmkinlə addım ataraq layiq olduğumuzu xalqımıza bəxş etdiniz. Bu Qələbə bütün Azərbaycan xalqı kimi Vətəndən kənarda yaşayan azərbaycanlılar üçün də qürur yerinə çevrildi. Sizinlə fəxr edirik.
Hər bir sahədə olduğu kimi Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə də göstərdiyiniz diqqət və qayğı danılmazdır. Xalq üçün gecə-gündüz dayanmadan çalışan rəhbərsiniz. Əgər bu gün xalqımız əmin-amanlıq şəraitində yaşayırsa, başı uca gəzirsə, məhz bütün bunlara görə Sizə borcluyuq.
Cənab Prezident, başladığınız bu şərəfli yolda Vətəndən kənarda yaşayan bir rəssam kimi ölkəmizin xoşbəxt gələcəyi naminə qarşıdan gələn növbədənkənar Prezident seçkilərində Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Nərmin Əzimzadə-Sadıqova,
rəssam.
ABŞ, Vaşinqton şəhəri.