Birləşmiş Ərəb Əmirlikiləri üzrə Azərbaycanlıların Koordinasiya Şurasından, Abu-Dabi, BƏƏ
22 yanvar 2024, 15:30
Hörmətli cənab Prezident,
Birləşmiş Ərəb Əmirlikləri üzrə Azərbaycanlıların Koordinasiya Şurası olaraq ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərində Sizin namizədliyinizi “Zəfər yoluna davam!” şüarı ilə dəstəklədiyimizi qürur hissi ilə bəyan edirik.
Sizin ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində həyata keçirdiyiniz xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb. Məhz Sizin qətiyyətli iradəniz, cəsarətli və məqsədyönlü siyasətiniz Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan kimi Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmısınız. Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində Azərbaycan xalqı qalib xalq kimi özünü dünyaya tanıdıb. Qürur hissi ilə demək olar ki, indi Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır.
Biz əminik ki, Qalib Xalqın seçimi yalnız Qalib Lider olacaq! Sizin rəhbərliyinizlə Qalib Azərbaycan bundan sonra da yeni uğurlara imza atacaq!
Dərin hörmətlə,
Birləşmiş Ərəb Əmirlikiləri üzrə Azərbaycanlıların Koordinasiya Şurası.
Birləşmiş Ərəb Əmirliyi, Abu-Dabi şəhəri.