Ramiz Əskərovdan, Bakı, Azərbaycan


17 yanvar 2024, 14:00
Möhtərəm cənab Prezident.
Vətənimiz Azərbaycan Sizin müdrik rəhbərliyinizlə gündən-günə inkişaf edir və çiçəklənir. 44 günlük müharibədən və 23 saatlıq antiterror tədbirlərindən sonra Azərbaycan vətəndaşları bu torpağın gerçək sahibləri kimi məğrur, alnıaçıq, başıuca gəzirlər. Bu, Müzəffər Ali Baş Komandan kimi şəxsən Sizin və qəhrəman Ordumuzun müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Sizin bu şücaətiniz əbədi olaraq xatırlanacaqdır.
Zati-aliləri, mən sıravi bir Azərbaycan vətəndaşı kimi bu xalqa, bu millətə mənsub olmağımla fəxr edir, onun yüksəlişi naminə var qüvvəmlə çalışıram. Bir elm adamı, ədəbiyyatşünas, türkoloq kimi qardaş Türk dövlətləri arasında mədəni, ədəbi əlaqələrin inkişafına mütəmadi töhfələr verməyə çalışıram. Bu günədək 28 orijinal kitab yazmış, müxtəlif türk dillərindən 66 kitab tərcümə etmişəm. Bu kitablar arasında türkologiyanın banisi Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri, Yusif Balasağunlunun “Qutadğu bilik” poeması, Əlişir Nəvainin xəmsəsi (5 cild) və risalələri, Faruq Sümərin “Oğuzlar”ı, Baburun “Baburnamə”si mühüm yer tutur. Sultan Hüseyn Bayqaranın, Əndəlibin, Məxdumqulunun, Molla Nəfəsin, Abdulla Tukayın, Bəkir Çobanzadənin seçilmiş əsərləri, “Monqolların gizli tarixi”, “Türk ədəbiyyatı tarixi"” (2 cild), özbək və türkmən poeziyası antologiyaları da bu qəbildəndir. Qurbanqulu Berdiməhəmmədovun “Axaltəkə atı”, Rəcəb Albayrağın “Türklərin İranı” (2 cild), İbrahim Qəfəsoğlunun “Türk milli mədəniyyəti”, Osman Turanın “Türk cahan hakimiyyəti məfkurəsi tarixi”, nəhayət N.Ozerovun “İlham Əliyev: Mən Azərbaycanıma inanıram" kitabları da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Mən elmi əsərlərimə və tərcümələrimə görə müxtəlif ölkələrin bir sıra ədəbi mükafatlarına, o cümlədən Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Türkmənistanın, Tatarıstanın və Rusiyanın medallarına layiq görülmüş, 2021-ci ildə “Turan” Elmlər Akademiyasının akademiki, Babur adına Əndican Dövlət Universitetinin fəxri professoru, Nəvai şəhərinin fəxri vətəndaşı seçilmişəm. Mənim əməyim dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, Sizin sərəncamınızla 2014-cü ildə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətimə görə mən “Şöhrət” ordeninə layiq görülmüşəm. Bu il yanvarın 15-də isə Siz məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmisiniz!
Zati-aliləri, hər bir insan üçün əməyinə verilən dəyərdən yüksək heç nə yoxdur. Mən bu gün çox xoşbəxtəm ki, mənim mütəvazi əməyim ölkəmin rəhbəri tərəfindən yüksək qiymətə layiq görülmüşdür. Bunun üçün Sizə dərin təşəkkürümü, dərin ehtiramımı və minnətdarlığımı bildirirəm!
Dərin hörmətlə,
Əskərov Ramiz, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, BDU-nun Türkoloji Araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri.
Azərbaycan Respublikası, Bakı şəhəri.