Elçin Babayevdən, Bakı, Azərbaycan


15 yanvar 2024, 10:20
Möhtərəm cənab Prezident!
Bəşər tarixinin aramsız axarında daha bir ili yola saldıq. Ötən hər bir il təqvimin bir parçası olmaqla bərabər, həm də önəmli məqamları ilə yaddaşlara həkk olur. 2023-cü il Azərbaycan xalqının tarixində əlamətdar illərdən biri kimi qalacaq. Ulu Öndər, dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün bu ilə təsadüf etməsi yola saldığımız ili daha əlamətdar etdi. Qətiyyətlə demək olar ki, Ümummilli Lider adını qazanmış Heydər Əliyev son 100 ildə Azərbaycan xalqının taleyində ən əhəmiyyətli rol oynamış şəxsiyyət olmuşdur. Ulu Öndər xalqımız üçün dinamik inkişaf yolunda olan, dünyaya inteqrasiya potensialına, güclü dövlətçilik ənənələrinə malik bir ölkə miras qoymuşdur. Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər kursunu və gələcək inkişaf konsepsiyasını müəyyənləşdirmiş, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə bağlı mühüm addımlar atılmasına nail olmuş, ölkəmizin iqtisadi yüksəlişinin və mədəni dirçəlişinin qarantı olmuşdur. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsində bu gün əldə edilmiş böyük uğurlar Heydər Əliyev imzasını Azərbaycan tarixinin salnaməsinə qızıl hərflərlə əbədi həkk etmişdir.
Sizin 2022-ci il 29 noyabr tarixli Sərəncamınızla 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi bu fenomenal şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin bügünün reallıqları müstəvisində təhlil edilməsi, gələcək nəsillərə çatdırılması baxımından zəruri və əhəmiyyətli oldu.
2023-cü ildə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən mühüm tarixi hadisələrdən biri də Sizin prezidentlik fəaliyyətinizin 20 ilinin tamam olmasıdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizin fəaliyyətiniz müstəqilliyimizin inkişafında yeni mərhələ açdı. Bu illər ərzində Azərbaycanın sosial-iqtisadi və siyasi baxımdan dünyaya inteqrasiyası daha da gücləndi, dünya miqyasında mövqeyi möhkəmləndi və söz sahibi olan dövlətlərdən birinə çevrildi.
Möhtərəm cənab Prezident!
Sizin prezidentlik fəaliyyətinizin zirvəsi, əlbəttə ki, Sizin rəhbərliyiniz altında rəşadətli Ordumuzun tarixi Zəfərə imza atılması oldu. 30 il davam edən işğala 44 günlük Vətən müharibəsi ilə son qoyuldu. Bu il Zəfər tariximizin daha bir şanlı səhifəsi yazıldı: Şanlı Ordumuzun cari ilin sentyabr ayında keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisi separatçılardan tamamilə təmizləndi. Azərbaycanın üçrəngli bayrağı əzəli torpaqlarımızda – Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənddə dalğalandırıldı, Azərbaycan Respublikası suverenliyini tam bərpa etdi.
Möhtərəm cənab Prezident, 2024-cü ilin fevral ayının 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamınız Sizin müdrik və uzaqgörən siyasətinizin daha bir təsdiqi, ilin mühüm yekunları sırasında yer tutan vacib addımdır. Əminik ki, bu seçkilər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təsdiqi, xalqla onun qalib və müdrik Lideri arasında olan birliyin rəmzi olacaqdır.
Hər yeni il böyük ümidlər, arzular ili kimi gəlir. 2024-cü ildə Azərbaycanımızın böyük uğurlarının davamlı olmasına, işğaldan azad edilmiş ərazilərimizin sürətli bərpasına, müdafiə qüdrətimizin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyimizin və nüfuzumuzun güclənməsinə, davamlı sülhə nail olacağımıza, yeni əməkdaşlıq imkanlarının reallaşmasına olan inamımız sarsılmazdır.
Əminik ki, 2024-cü il Azərbaycanı işıqlı sabaha aparan yolun növbəti uğurlu mərhələsi olacaqdır.
Xalqımıza bu yolda öndərlik edən, dövləti və milləti ilə birlikdə xoşbəxt gələcəyə gedən yolda möhkəm addımlarla irəliləyən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyev!
Sizə möhkəm cansağlığı, tükənməz güc və enerji, fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz də həmişə yanınızdayıq və hər zaman əmrinizdəyik!
Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri adından dərin hörmət və ehtiramla,
Elçin Babayev,
rektor
Azərbaycan Respublikası, Bakı şəhəri.