“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 dekabr 2023, 16:51
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin ikinci cümləsində, 6.1-ci maddəsində, 6.2-ci maddəsinin üçüncü cümləsində, 6.3-cü maddəsində, 6.4-cü maddəsinin birinci cümləsində, 6.6-cı, 17.2-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində, 27.1.1-ci (hər iki halda) maddəsində və 27.1.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 5.4-cü maddəsinin ikinci cümləsində, 6.2-ci maddəsinin üçüncü cümləsində, 6.6-cı, 17.2-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində və 27.1.1-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 6.1-ci, 6.3-cü maddələrində, 6.4-cü və 27.1.2-ci maddələrinin birinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
1.4. həmin Qanunun 27.1.1-ci (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.2.1. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələbləri;
2.2.2. həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, icra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddini;
2.2.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, həmin Qanunun 23.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələbləri;
2.3. bir ay müddətində:
2.3.1. həmin Qanunun 6.2-ci maddəsinin üçüncü cümləsinə və 6.6-cı maddəsinə uyğun olaraq, ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3.2. həmin Qanunun 27.1.1-ci maddəsinə uyğun olaraq, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən 3 (üç) nəfər və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 2 (iki) nəfər nümayəndə daxil olmaqla, 5 (beş) üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etsin;
2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
3.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
3.2. qanunların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2023-cü il