Mürvət Həsənlidən, Bakı, Azərbaycan


29 dekabr 2023, 13:34
Hörmətli cənab Prezident.
Sizin bilavasitə rəhbərliyinizlə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi göstərilir. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş bu dəstək tədbirləri biz istehsalçılar üçün mühüm güzəşt və azadolmaları ehtiva edir.
“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 2023-cü il 27 dekabr tarixli Fərmanınız 2022-ci ildən heyvandarlıq və quşçuluq təsərrüfatları üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bir güzəştin müddətinin 2 il daha artırılmasını nəzərdə tutur.
Fərmanla quşçuluq təsərrüfatlarında yem və yem əlavəsi kimi istifadə olunan məhsulların idxalının əlavə dəyər vergisindən azadolma müddəti 2026-cı ilədək uzadılır. Bu, istehsal olunan məhsulların maya dəyərinin mühüm tərkib hissəsi olan yem məhsullarının bahalaşmasının qarşısını alan həlledici addımdır.
Zati-aliləri, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında birləşən Azərbaycan quşçuluq təsərrüfatları bu böyük dəstəyə görə Sizə dərin minnətdarlığını bildirir, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması, sahibkarlığın inkişafı, yerli istehsalın gücləndirilməsi sahəsində nümayiş etdirdiyiniz qətiyyəti ürəkdən alqışlayırlar.
Sizi əmin edirik ki, tətbiq olunan güzəşt və digər dəstək mexanizmlərini düzgün qiymətləndirməklə, onlardan bilavasitə daxili bazarın quşçuluq məhsulları ilə fasiləsiz təminatı, bu məhsulların qiymətinin bahalaşmaması naminə yararlanacağıq.
Dərin hörmət və ehtiramla,
Həsənli Mürvət, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.