İlham Əliyev Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir
25 sentyabr 2012, 14:30
Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.
Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində olmuşdu.
Dövlətimizin başçısı qəsəbədə olarkən sakinlər yeni məktəbin tikilməsi barədə xahiş etmişdilər. Prezident İlham Əliyevin 2011-ci il aprelin 6-da imzaladığı Sərəncamla qəsəbədə 800 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün iki milyon manat vəsait ayrılmışdır.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verdi ki, ümumi sahəsi 2,5 hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılmışdır. Məktəbdə 48 sinif otağı vardır. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir.
Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, futbol, voleybol və basketbol meydançaları yaradılmışdır.
Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi.