Suqra Hüseynovadan, Beyləqan, Azərbaycan
27 dekabr 2023, 18:23
Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında dahi insan Heydər Əliyevi xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Azərbaycan müstəqilliyinin bərpasından sonra Ulu Öndərin ölkədə bütün sahələrdə islahatlar aparması və yenidən qurulan təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi və digər sahələrdə ayrı-ayrı qanunların hazırlanması, eyni zamanda, bu qanunların dövlət hakimiyyətinin yeganə mənbəyi olan xalqın xeyrinə işləməsində mühüm rolu olub.
Xalqın gələcəyini düşünən, bu yolda təhsilin danılmaz rolunu bir daha vurğulayan Ümummilli Liderimizin “Təhsil millətin gələcəyidir” kəlamı hər bir fərdi, şəxsiyyətə doğru aparan yolun formulunun düzgün izahıdır. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu müasir Azərbaycan təhsilinin nümayəndələri, eyni zamanda, Sizin həyata keçirdiyiniz siyasətdə ədalətlilik prinsipini özünə örnək hesab edən gənclər işıqlı gələcəyimizin təminatçılarıdır.
Təhsil gənclərimizin gələcək həyatının təminatıdır. Mən musiqi sahəsində təhsil alıram. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli musiqi mədəniyyətimizin, o cümlədən muğam sənətimizin təbliğində və onu milli irs kimi dünyaya çatdırılmasında böyük xidmətləri var. Bir təhsil sahəsindən digərinə köçürülməm barədə məhkəmədə qaldırdığım iddiaya da ədalətlə baxılaraq düzgün qərar verildi.
Müasir Azərbaycanda savadlı, dünya görüşlü, ədalətli, milli-mədəni dəyərlərə qiymət verən hakimlər vətəndaşın üzləşdiyi problemlərə laqeyd qalmırlar. Bütün bu uğurlar Sizin həyata keçirdiyiniz siyasətin bəhrəsidir.
Cənab Prezident, yaşadığımız gözəl günlərə görə Sizə və Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirirəm.
Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev!
Hörmətlə,
Hüseynova Suqra Həsən qızı.
Azərbaycan Respublikası, Beyləqan rayonu.