Ramilə Mustafayevadan, Türküstan, Qazaxıstan


27 dekabr 2023, 12:34
Möhtərəm cənab Prezident,
Sevindirici haldır ki, Sizin tərəfinizdən aparılan müdrik siyasət ölkəmizdə, o cümlədən ölkəmizdən kənarda yaşayan azərbaycanlılarda böyük ruh yüksəkliyi formalaşdırmışdır.
Mən Qazaxıstan Respublikası, Türküstan vilayəti “Qarabağ” Etnomədəni birliyinin sədri, həmçinin bir qarabağlı kimi rəhbərliyinizlə düşməndən azad olunmuş torpaqlarımızda, həmçinin respublikamızın bütün bölgələrində həyata keçirilən quruculuq, abadlıq işlərində, Azərbaycan iqtisadiyyatının sürətli inkişafında, insanların rifahının yüksəlməsində və yaşayışının yaxşılaşmasında olan böyük zəhmətinizə görə Sizə təşəkkürümü bildirirəm.
Çox xoşbəxtik ki, bu gün doğma Azərbaycanımız öz ərazi bütövlüyünü bərpa edib və tam suveren ölkədir. Bizi Zəfərə aparan yol çox keşməkeşli və çətin olsa da, Siz bu yola işıq saldınız, haradan və necə keçmək lazım olduğunu göstərdiniz.
Milli qurtuluşla başlayan əzəmətli inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, Azərbaycan tam müstəqil siyasət yürüdən dövlətdir. Ölkəmizin davamlı uğurlarını təmin edən Sizin nailiyyətlərinizdir. Bu gün doğma Vətənimizdə izlənilən inkişaf, hərtərəfli yüksəliş ölkəmizdən kənarda yaşayan bizi fərəhləndirir. Biz – diaspor nümayəndələri Doğma Vətənimizlə, xalqımızla, Ali Baş Komandanımızla fəxr edirik.
Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşları 2024-cü ilin fevralında keçiriləcək seçkilərdə sevinc və fərəh hissi ilə iştirak edərək xalqımızın işıqlı gələcəyinə səs verəcək. Hər zaman olduğu kimi, Allahın izniylə gələcəkdə də Azərbaycan Sizin sayənizdə inkişaf edəcək, daha da gözəlləşəcəkdir.
Hörmətlə,
Mustafayeva Ramilə,
Qazaxıstanın Türküstan vilayətindəki “Qarabağ” Etnomədəni birliyinin sədri.
Qazaxıstan Respublikası, Türküstan vilayəti.