İlham Əliyev Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak etmişdir
25 sentyabr 2012, 14:00
Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak etmişdir.
Ötən il aprelin 4-də Prezident İlham Əliyev Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlətimizin başçısının 2011-ci il aprelin 6-da imzaladığı Sərəncamla bu tibb müəssisəsinin inşası üçün bir milyon manat vəsait ayrılmışdı.
Ələt qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxdı.
Dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verdi ki, poliklinikanın 1970-ci illərin əvvəllərində inşa olunmuş birmərtəbəli binası istifadəyə yararsız vəziyyətə düşdüyündən ötən ilin noyabrından yeni binanın inşasına başlanılmışdır. Qısa müddətdə müasir standartlar səviyyəsində tikilən tibb müəssisəsinin ikimərtəbəli yeni binasında müayinə və müalicə üçün hər cür şərait vardır.
Binanın girişində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır.
Dövlət başçısı burada ultrasəslə müayinə kabineti ilə tanış oldu. Kabinetdə ən müasir tibbi avadanlıq quraşdırılmışdır ki, bu da tez və dəqiq diaqnoz qoymağa imkan verəcəkdir. Burada, həmçinin uşaqlar üçün ayrıca bölmə yaradılmışdır. Tibb ocağında balacaların lazımi səviyyədə müayinə və müalicəsi üçün hər cür şərait vardır. Biokimyəvi və klinik laboratoriyalarda quraşdırılan müasir avadanlıq müayinələrin vaxtında və keyfiyyətlə aparılmasına imkan verəcəkdir.
Prezident İlham Əliyev rentgen kabinetində yaradılan şəraitlə də tanış oldu.
Bildirildi ki, poliklinikada müxtəlif təyinatlı kabinetlər fəaliyyət göstərir. Bu kabinetlər də ən müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz olunmuşdur. Səhiyyə ocağında yüz nəfərlik tibbi heyət qəsəbə sakinlərinin sağlamlığının keşiyində duracaqdır. Dövlətimizin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğının davamlı xarakter aldığının daha bir nümunəsi olan Ələt qəsəbəsindəki poliklinikada hər cür şəraitin yaradılması, ilk növbədə burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradacaqdır.
Azərbaycan Prezidenti poliklinikada yaradılmış şəraiti yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.