Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30 avqust 2010, 20:01
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərən Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini mükafatlandırmaq məqsədi ilə qərara alıram:
1. Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
– birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2010-cu il.