Bəxtiyar Mirişov və başqalarından, Biləsuvar, Azərbaycan


15 dekabr 2023, 09:57
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Mənim oğlum Mirişli Şəhriyar torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Füzuli istiqamətində gedən döyüşlərdə qəlpə yarası almış və 2020-ci il oktyabrın 23-də şəhidlik zirvəsinə ucalmışdır. Bir oğlum da Vətən müharibəsi iştirakçısıdır, hazırda hərbçi kimi Vətənə xidmət edir. Digər iki oğlum isə 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişlər.
Şəhid övladım Sizin sərəncamlarınız əsasında “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Cənab Prezident, mən yaxınlarımla birlikdə 2020-ci il oktyabrın 3-də Horadizdə - cəbhə bölgəsində olarkən əhd etdim ki, cənab Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunsun və Sizin ayaqlarınız altında qurban kəsək. Şükür Allaha torpaqlarımız, o cümlədən Qarabağ işğaldan azad olundu.
Möhtərəm Prezident, inşallah, Sizin ayaqlarınız altında qurban kəsmək bizə nəsib olar. Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Mirişov Bəxtiyar, şəhid atası,
Mirişova Mətanət, şəhid anası,
Əzimov Ağakərim, şəhid dayısı,
Əzimov Mirəddin, Qarabağ müharibəsi qazisi
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.