İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
24 noyabr 2023, 09:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.
Dövlətimizin başçısı Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə iştirakını yüksək qiymətləndirdi, Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğuladı. Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi, investisiyalar, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu qeyd etdi. Azərbaycan Prezidenti respublikamızda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demoqrafik amillər baxımından sürətlə inkişaf etdiyini vurğuladı.
Dövlətimizin başçısı ölkəmizin Mərkəzi Asiya regionu ilə inteqrasiyası prosesinin dinamik getdiyini, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və siyasi məkan, Xəzər dənizinin bizi birləşdirən dəyər olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev gələcəkdə Azərbaycan, Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu bildirdi. Dövlətimizin başçısı, həmçinin Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın SPECA ilə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəldiklərini, Türk Dövlətləri Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası arasında da təsisatlanmış əməkdaşlığın qurulmasının vacibliyini qeyd etdi.
Baş katib SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi, münasibətlərin müxtəlif sahələrdə inkişafını vurğuladı, siyasi, iqtisadi, investisiyaların artırılması və digər istiqamətlərdə böyük perspektivlərin olduğunu dedi.
Görüşdə hazırda dünyada islamofobiya meyillərinin artması və ona qarşı mübarizənin aparılması məsələləri də müzakirə edildi.