Etibar Zahidoğlundan, Bakı, Azərbaycan
17 sentyabr 2012, 10:00
Möhtərəm İlham Heydəroğlu!
İstəyirəm Ramil Səfərovla bağlı ürəyimin diktəsindən gələn rahatlıq dolu düşüncələrimi Sizə çatdırım. Milyonları, o cümlədən məni, sadə Vətən daşını kövrəldən, duyğulandıran və daha da vətənpərvər edən bu iki hadisəni, yəni düşmənin təhqiramiz hərəkətinə Ramilin reaksiyasını və onun Vətənə gətirilməsi üçün gördüyünüz işləri qiymətləndirməyə layiqli söz tapa bilmirəm. Məmnunluğumu da biruzə verməsəm, sonra özümü bağışlaya bilmərəm.
Bir Vətən oğlu düşmənlərə layiq olduqları sərt cavabı verdi, hamımızın adı, şərəfi və namusu sayılan bayrağımıza sataşanın payını verdi! Çox haqlı və misilsiz bir cavab! Onun haqqı tərəfinizdən ədalətlə özünə qaytarıldı. Ramilin Vətənə qaytarılması ilə bağlı aparılan işlər, Ramilin qəhrəmanlığından heç də az əhəmiyyətli iş deyil! Deməli, xalqın görmədiyi, bilmədiyi cəbhədə döyüş aparırmışsınız. Ramilə də, onu Vətənə qovuşduranlara da halal olsun!
Ailə və həyat məktəbinin dərsləri, xalqın haqqı halalınız olsun! Hazırda millətin hər bir fərdinin ürəyində hər iki mərdimizə ünvanlanmış çağlayıb daşan məhəbbəti iqrar etməmək qəbahətdir, günah və bağışlanılmazdır. Düzü yazmayıb əyriyə yozanlar da bilsin: görülən bu işlər tam inanmağa əsas verir ki, rəhbərliyinizlə aparılan Qarabağ siyasəti də gec-tez bax beləcə öz müsbət nəticəsini verəcək.
Sizin bu hərəkətiniz düşmənlərə ölçüyəgəlməz, bənzərsiz, sərt bir cavab oldu, xalqımızın milli-mənəvi oyanışında mühüm hadisəyə çevrildi! Azərbaycan tarixinə hər biriniz şanlı, unudulmaz bir tarix yazdınız! Bu hadisə bir neçə diviziyanın qazana bilməyəcəyi müzəffər qələbədir! Ey böyük türk ərənləri, həmişə bax beləcə bir-birimizin kürəyinə kürək verək, arxa duraq, onda həm yenilməz, həm basılmaz olarıq.
Tanrımız Sizə və Sizin kimilərə yar olsun duası ilə,
Zahidoğlu Etibar, “Mingəçevir kəndi” İcmasının sədri.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.