Ağdam rayon ictimaiyyətinin nümayəndələri və ziyalılarından, Ağdam, Azərbaycan
21 noyabr 2023, 17:28
Möhtərəm cənab Prezident!
44 günlük Vətən müharibəsində Sizin əsl sərkərdəlik və diplomatik məharətiniz, prinsipiallığınız, dəmir iradəniz və Azərbaycan Ordusunun şanlı zəfəri Ermənistanı kapitulyasiya aktına imza atmağa və əraziləri boşaltmağa məcbur etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq noyabr ayının 20-də Ağdam rayonunun işğal olunmuş əraziləri Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. Bu gün ağdamlılar Ağdamın işğaldan azad olunmasının üçüncü ilini böyük sevinc və qürur hissi ilə qeyd edir.
Müzəffər Ali Baş Komandan, Sizin sərəncamlarınızla Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif ediliblər, eyni zamanda, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı 2023-cü il 31 iyul tarixli Sərəncamınızla 20 noyabr – Ağdam şəhəri günü kimi təsis olunub.
Möhtərəm cənab Prezident, şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da həyat yenidən canlanır. Azadlığına qovuşmuş bu şəhər Sizin gərgin əməyiniz sayəsində böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. 27 il vətən həsrəti ilə yaşamış biz ağdamlıları doğma torpaqlarımıza qovuşdurduğunuza, respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdiyinizə, eləcə də şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildirir, müstəqil ölkəmizin çiçəklənməsi və inkişafı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Ağdam rayon ictimaiyyətinin nümayəndələri və ziyalıları adından hörmətlə,
Əvəz Mikayılov,
Arzu Rəhimova,
Hüseyn Kazımov,
Vaqif Həsənov,
Allahverən Əliyev,
Tünzalə Vəliməmmədova,
Rafiq Əliyev,
Bəhram Qurbanov,
Seyid Yusif Ağa,
Mehman Göyüşov,
Baxşeyiş Abbasoğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.