İlham Əliyev Bakının Nizami rayonunda əsaslı surətdə yenidən qurulmuş 70 nömrəli məktəb-liseylə tanış olmuşdur
14 sentyabr 2012, 14:45
Prezident İlham Əliyev Bakının Nizami rayonunda əsaslı surətdə yenidən qurulmuş 70 nömrəli məktəb-liseylə tanış olmuşdur.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak etmişdir.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, 70 nömrəli məktəb-liseyin binası 1967-ci ildən fəaliyyət göstərir. O vaxtdan indiyədək bu təhsil ocağının binası təmir olunmamışdır. Bu məktəb-liseydə də əsaslı təmir və yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilmişdir.
Bildirildi ki, məktəb-liseyin bütün sinif otaqları və fənn kabinetləri ən yüksək standartlar səviyyəsində təmir olunmuşdur.
Təhsil ocağı müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilmişdir. Hazırda 960 şagird yerlik məktəbdə 1802 şagird təhsil alır. Şagird sıxlığının və çoxnövbəli tədrisin aradan qaldırılması məqsədi ilə 42 sinif otağından ibarət 840 şagird yerlik əlavə korpus inşa edilmişdir. Yeni tədris ilindən məktəb-liseydə dərslər bir növbədə keçiriləcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəb-liseydə yaradılan şəraitlə yaxından tanış oldular.
Diqqətə çatdırıldı ki, bu təhsil ocağında istilik və işıqlandırma sistemləri tamamilə yenidən qurulmuşdur. Məktəb-lisey daimi isti və soyuq su ilə təchiz edilmişdir. Təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri həyata keçirilmiş, 1300 kvadratmetrlik sahəyə asfalt salınmışdır.
Əsaslı təmir və yenidənqurma işlərindən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.