İlham Əliyev 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur
14 sentyabr 2012, 14:30
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 14-də Bakının Nizami rayonundakı 242 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 960 şagird yerlik məktəbin binası 1968-ci ildən fəaliyyət göstərir. O vaxtdan indiyədək bu təhsil ocağında təmir işləri aparılmamışdır. Məktəbin əsaslı surətdə yenidən qurulmasına 2012-ci ildə Dövlət Proqramına uyğun olaraq başlanılmışdır.
Diqqətə çatdırıldı ki, burada sinif otaqları müasir standartlara uyğun şəkildə təmir edilmişdir. İnventarlar yeniləri ilə əvəz olunmuş, fənn kabinetləri lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbin istilik sistemi müasir qaydada yenidən qurulmuş, fasiləsiz isti və soyuq su ilə təmin olunmuşdur. Əsaslı təmir zamanı işıqlandırma sistemi də müasirləşdirilmişdir. İdman və akt zallarında, yeməkxanada, tibb məntəqəsində də ən müasir şərait yaradılmışdır.
Qeyd edildi ki, təhsil ocağının yerləşdiyi 1,7 hektar ərazidə abadlıq və quruculuq işləri həyata keçirilmiş, 1,2 min kvadratmetr sahəyə asfalt salınmışdır.
Görülən işlərdən razılığını bildirən dövlətimizin başçısı məktəbdə təhsilin yüksək səviyyədə aparılması barədə tapşırıq və tövsiyələrini verdi.