Elçin Babayevdən, Bakı, Azərbaycan
25 oktyabr 2023, 13:40
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Dərin minnətdarlıq, böyük sevinc və məmnunluq hissi ilə Sizi, qalib Azərbaycanın qalib Prezidentini, rəşadətli Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanını Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və çoxminli tələbə kollektivi adından ölkəmizə rəhbərliyinizin iyirminci ilinin tamam olduğu bu günlərdə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, Xankəndi şəhərinin mərkəzi meydanında və Qarabağın işğaldan azad edilmiş digər ərazilərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün hər birimiz, o cümlədən ölkə hüdudlarından kənarda yaşayan hər bir soydaşımız 20 il bundan əvvəl qədirbilən xalqımız tərəfindən Prezident vəzifəsinə seçilərkən xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, ölkəmizin ərazi bütövlüyünü qoruyacağına and içmiş və ötən illər ərzində Azərbaycan xalqına verdiyi bütün vədləri uğurla yerinə yetirmiş, qarşısına qoyduğu bütün vəzifələri qətiyyətlə icra etmiş qalib Prezidentimizlə qürur duyur, fəxr edirik.
Siz əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu uğurla davam etdirərək həyatınızın böyük hissəsini ölkəmizin inkişafı və tərəqqisinə həsr etmisiniz. Məhz Sizin böyük qətiyyət və cəsarətlə, siyasi müdriklik və yüksək peşəkarlıqla həyata keçirdiyiniz dövlət siyasəti nəticəsində ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində siyasi və hüquqi zəmin yaradıldı, ölkənin davamlı iqtisadi inkişafı təmin edildi, Milli Ordumuz gücləndirildi və ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan yenilməz qüvvəyə çevrildi, ordunun, xalqın və iqtidarın “dəmir yumruğ”a çevrilmiş sarsılmaz birliyinə nail olundu, əsgər və zabitlərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində ciddi addımlar atıldı. Bütün bunların hesabına 44 günlük Vətən müharibəsi və cəmi 24 saat çəkməyən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu, ölkəmiz qüdrətli və nüfuzlu bir dövlətə, təkcə regionda deyil, həm də dünya miqyasında baş verən bir sıra proseslərə həlledici təsir göstərən güc mərkəzinə, söz sahibinə çevrildi. Bu tarixi nailiyyətin Ulu Öndərimizin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda - “Heydər Əliyev İli”ndə əldə olunması da xüsusi bir məna kəsb edir.
Möhtərəm cənab Prezident, Sizə xalqımızın xoşbəxt gələcəyi və firavanlığı, ölkəmizin inkişafı və tərəqqisi, dövlət müstəqilliyimizin dönməzliyi və əbədiliyi naminə hər birimizdə tükənməz qürur hissi yaşadan möhtəşəm fəaliyyətinizdə yeni uğurlar diləyirik! İnanırıq və əminik ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük quruculuq və bərpa işləri qısa müddət ərzində başa çatdırılacaq, Böyük Qayıdış tamlıqla təmin olunacaq, xalqımız və dövlətimiz hələ uzun illər bundan sonra da Sizin müdrik rəhbərliyinizlə dinamik və davamlı inkişaf edərək yeni-yeni uğur və nailiyyətlər əldə edəcəkdir.
BDU ailəsi olaraq, biz də həmişə və hər zaman əmrinizdəyik!
Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri adından dərin hörmət və ehtiramla,
Babayev Elçin, rektor.
Azərbaycan Respublikası, Bakı şəhəri.