İlham Əliyev Bakının Nizami rayonu ərazisində yeraltı piyada keçidin açılışında iştirak etmişdir
14 sentyabr 2012, 15:40
Prezident İlham Əliyev paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsindəki 22-69 ünvanında – Babək prospektində tikilən yeraltı piyada keçidinin açılışında iştirak etmişdir.
Dövlət başçısı keçidin texniki göstəricilərini əks etdirən stendə baxdı.
Azərbaycan Prezidenti yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, bu gün Bakıda yol-nəqliyyat sisteminin inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı gördüyü işlər nəticəsində indi paytaxtımızda yeni yol qovşaqları, körpülər və piyada keçidləri inşa olunur.
Bildirildi ki, Keşlə qəsəbəsində yeraltı piyada keçidinin inşasına ötən il başlanılmışdır. İşlərin keyfiyyətlə, həm də tez bir zamanda yekunlaşması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Tikinti işləri zamanı burada 60-a yaxın işçi çalışmışdır. Yeni yeraltı piyada keçidi bu ərazidə sakinlərin rahat gediş-gəlişini və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində mühüm rol oynayır.
Diqqətə çatdırıldı ki, müasir tələblər səviyyəsində yaradılan keçidin uzunluğu 64, eni 8, hündürlüyü 3,2 metr olmaqla, ümumi sahəsi 700 kvadratmetrdir. Keçiddə müasir işıqlandırma sistemi, hər iki girişdə təhlükəsizlik kameraları quraşdırılmışdır. Bu kameralar vasitəsilə sutka ərzində keçiddəki təhlükəsizliyə nəzarət olunacaqdır.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.