İlham Əliyev Bakının Nizami rayonunun Keşlə qəsəbəsində uşaq bağçası binasının təməlqoyma mərasimində iştirak etmişdir


14 sentyabr 2012, 15:10
Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxdı.
Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək bağçanın binasının sahəsi 1200 kvadratmetr olacaqdır. İki mərtəbədən ibarət binada akt zalı, yeməkxana, inzibati otaqlar, həkim otağı yaradılacaqdır. Burada uşaqların rahatlığı üçün hər cür şərait olacaqdır.
Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoydu.
Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.