TÜRKSOY-un Baş katibi Sultan Raevdən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
19 oktyabr 2023, 14:06
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olmuşdur.
Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır.
TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu bizi daha da ruhlandırmış və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırmışdır.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram.
Dərin hörmət və ehtiramla,
Sultan Raev
TÜRKSOY-un Baş katibi