Yaşar Niftəliyevdən, Maqdeburq, Almaniya


18 oktyabr 2023, 10:51
Dünya azərbaycanlılarının əvəzedilməz Lideri, Ali Baş Komandanımız, hörmətli cənab Prezident!
Almaniyanın Maqdeburq şəhərində təsis olunmuş, dünyada fəaliyyət göstərən və Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin idmançıları və şəxsən öz adımdan Sizi Azərbaycanımızın ən ali vəzifəsinə seçilməyinizin qürurverici 20-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə cansağlığı, uzun ömür, xoşbəxtlik, Vətənimiz naminə məsul işlərinizdə uğurlar arzulayırıq.
Zati-alinizin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının hər bir sahədə yüksəlməsinin məntiqi nəticəsidir ki, Azərbaycan lider dövlətlərdən birinə çevrilərək bir çox sahələrdə dünyada aparıcı ölkələrdən biri kimi tanınır.
Müzəffər Ali Baş Komandanımız, vurğulamaq istərdim ki, itirilmiş torpaqlarımız xalqımızın tarixində ilk dəfə olaraq məhz Sizin sayənizdə düşmən işğalından azad olundu. Ərazi bütövlüyümüzün bərpa olunması, həm ölkə daxilində, həm də ölkə kənarında yaşayan azərbaycanlıların hədsiz sevincinə səbəb oldu. İstər 44 gün, istərsə də son 24 saatlıq mübarizədə bütün dünya azərbaycanlılarının “dəmir yumruq” ətrafında birləşməsi Zati-alinizin dərin siyasətinin və xalqa yaxınlığının parlaq nəticəsidir. Xaricdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz Sizin bizə olan qayğınızı daim hiss edirlər. Bu qayğının dəyəri, sözün əsl mənasında, hədsiz və hüdudsuzdur. Bu baxımdan rəhbəri olduğum Komitə adından Zati-alinizə sonsuz təşəkkür və minnətdarlığımı ifadə etməyi özümə mənəvi borc hesab edirəm.
Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ali işinizdə uğurlar arzulayıram.
Zati-alinizə sonsuz hörmət hissi ilə,
Niftəliyev Yaşar,
Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri
Almaniya Federativ Respublikası, Maqdeburq şəhəri.