Vətən müharibəsi qazisindən, Saatlı, Azərbaycan
14 oktyabr 2023, 16:18
Möhtərəm cənab Prezident.
Son illər ölkəmizdə səhiyyə sahəsində görülən işlər və həyata keçirilən islahatlar nəticəsində əldə edilən müsbət dəyişikliklər açıq-aşkar müşahidə olunur. Ölkəmizin iqtisadi gücü səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına və səhiyyə problemlərinin davamlı həllinə nail olunmasına imkan verdi. Bütövlükdə ölkəmizdə tibbin inkişafında Sizin sərəncam və fərmanlarınızın, tapşırıqlarınızın çox böyük əhəmiyyəti var. Yeni tikilən tibb ocaqları ilə bərabər, həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün ölkə vətəndaşlarına xidmət göstərir.
Mən deyərdim ki, bu gün səhiyyə sahəsində aparılan islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsidir. Səhiyyə xidmətlərinin beynəlxalq standartlara, müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyətlidir.
Cənab Prezident, ölkəmizdə bütün sahələrin inkişafına hesablanmış və uğurla yürüdülən siyasətinizə görə Saatlı rayonunun bütün sakinləri adından Sizə minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Abbasov Elvin, Vətən müharibəsi qazisi.
Azərbaycan Respublikası, Saatlı rayonu, Varxankənd kəndi.