İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktorunu qəbul edib
06 oktyabr 2023, 12:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.
Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş etdi.
Qonaq qlobal səhiyyə liderliyi sahəsində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi həyata keçirdiyi fəaliyyətin çox yüksək qiymətləndirildiyini qeyd etdi. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn Zirvə görüşünün keçirilməsinə, Azərbaycanın vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olmasına və həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildirdi. Hans Henri Klugen Azərbaycanın pandemiya dövründə 80-dən artıq ölkəyə dəstək göstərdiyini qeyd etdi, ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində yaratdığı COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sisteminin çox səmərəli olduğunu və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə böyük töhfə verdiyini dedi.
Söhbət zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.
Hans Henri Kluge BMT-nin rezident əlaqələndirici ofisinin və ÜST-ün Bakı ofisinin nümayəndələrinin də daxil olduğu missiyanın Azərbaycanın Qarabağ bölgəsinə həyata keçirdiyi səfərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev COVID-19-a qarşı mübarizədə ÜST-ün ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi 80-dən artıq ölkəyə yardım etməsindən, Qoşulmama Hərəkatı çərçivəsində COVID-19-a qarşı mübarizə üzrə məlumat bazası sistemi yaradılmasından və vaksin həmrəyliyi ilə bağlı səylərimizdən danışdı.
Dövlətimizin başçısı Azərbaycanın milli, regional və beynəlxalq səviyyədə yardım proqramlarını həyata keçirdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bildirdi ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.
Dövlətimizin başçısı vurğuladı ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib.
Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin yerlərdə xidmət göstərdiklərini, əhalinin qeydiyyata alınması prosesinin başlandığını, bunun üçün ayrıca portalın fəaliyyət göstərdiyini bildirdi, gündəlik ehtiyacların ödənilməsi və qida təchizatı üçün aidiyyəti qurumların yerində xidmət apardıqlarını dedi.
Dövlətimizin başçısı ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu, elektrik təchizatının həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.
Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə ərazilərə yenidən səfər edəcəkləri diqqətə çatdırıldı, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olundu.