Əli İnsanovdan, Bakı, Azərbaycan
06 oktyabr 2023, 09:40
Möhtərəm Prezident.
Cənab Ali Baş Komandan.
Haqq Ədalət Partiyasının bütün üzvləri adından Sizi Vətən müharibəsində möhtəşəm Qələbəniz münasibətilə ürəkdən təbrik edir və alqışlayıram. Bu gün bütün dünya mətbuatı bu Qələbədən yazır, dünyaca məşhur hərbi ekspertlər isə Şuşa şəhərinin işğaldan azad olunmasını hərb tarixində nadir nümunə kimi göstərirlər, bunun hərbi dərsliklərə düşəcəyindən danışırlar.
Sizin yüksək idarəçilik bacarığınız və müdrikliyiniz ilə qurub-yaratdığınız Azərbaycan Ordusu 200 il davam edən Ermənistan-Azərbaycan münaqişəsini doğma Qarabağda Vətən müharibəsində böyük Qələbə ilə başa çatdırdı.
Siz Azərbaycan xalqının tarixi qalib sərkərdələrindən fərqli olaraq, təkcə hərbi zəfər qazanmadınız, Siz həm də xalqımızın bu haqq işində Sizinlə ciddi qarşıdurmalarda olan dünyanın nüfuzlu siyasi liderlərinin üzərində siyasi-diplomatik qələbə qazandınız.
Siz bu tarixi Qələbənizlə Müzəffər Sərkərdə - Ali Baş Komandan titulunu özünüzə haqq etmiş oldunuz. Eyni zamanda, xalqımızın başını uca etdiniz, milli qürurunu özünə qaytardınız, xalqımıza böyük sevinc bəxş etmiş oldunuz. Bütün dost və qardaş xalqlar da bu sevinci bölüşdülər və Sizi ürəkdən alqışladılar.
Siz Ulu Öndərimiz Heydər Əliyevin arzu və istəklərini həyata keçirə bildiniz, ruhunu şad etdiniz, onun layiqli davamçısı olmağı bacardınız.
Möhtərəm cənab Prezident, Haqq Ədalət Partiyasının Sizin yürütdüyünüz siyasəti birmənalı şəkildə dəstəkləyən bütün üzvləri ilə birlikdə təklif edirik ki, bu tarixi Qələbə münasibətilə doğma Qarabağın mərkəzi Xankəndi şəhərində Hərbi - Zəfər paradı keçirilsin və bu tədbirdə Siz şəxsən Azərbaycanın üçrəngli Bayrağını Xankəndi şəhərində ucaldasınız.
Biz Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Sizin xalqımız qarşısında bu tarixi missiyanızı böyük uğurla başa çatdırmağınızın layiqincə dəyərləndirilməsini gözləyirik.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin son 20 ildə Azərbaycan və Azərbaycan xalqı üçün etdiklərinizdən artığını ancaq xəyallarda arzulamaq olar. Sizin bu gün dünyanın ən nüfuzlu siyasi liderlərinin sırasında olmağınızdan bütün Azərbaycan xalqı kimi, biz də böyük qürur hissi keçiririk.
Heç kimin etmədiyi və edə bilməyəcəyi tarixi Qələbəniz, böyük uğurlarınız münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, xalqımızın rifahı və xoşbəxt gələcəyi uğrunda görəcəyiniz bütün işlərdə Sizə möhtəşəm uğurlar, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram.
Dərin hörmət və ehtiramla,
İnsanov Əli, Haqq Ədalət Partiyasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.