Məşhur Məmmədovdan, Bakı, Azərbaycan
05 oktyabr 2023, 11:15
Möhtərəm cənab Prezident.
Ümummilli Lider Heydər Əliyevin zəngin idarəçilik qabiliyyəti nəticəsində müstəqilliyini bərpa etmiş dövlətimiz Sizin rəhbərliyinizlə dinamik inkişafına qədəm qoyub, regionda söz sahibinə çevrilib. Dövlətimizin siyasi-iqtisadi inkişafı naminə göstərdiyiniz misilsiz xidmətlər hər bir Azərbaycan vətəndaşının qəlbini qürur hissləri ilə doldurur.
Tanrı Sizi qorusun. Siz zəngin idarəçilik təcrübənizlə Qarabağımızı xilas edərək adınızı tarixə qızıl hərflərlə yazdırdınız. Sizin rəhbərliyiniz altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Sayənizdə əldə etdiyimiz, milli həmrəyliyimizin təcəssümü olan Qələbə tarixdə əbədi qalacaq.
Bu yaxınlarda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımız qeyri-qanuni erməni silahlı birləşmələrindən tam azad edildi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlətdir. Bundan sonra sayənizdə müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Ad günüm ərəfəsində gərgin iş rejiminizə baxmayaraq, vaxt ayırıb 2023-cü il 3 oktyabr tarixli Sərəncamınızla məni “Şöhrət” ordeninə layiq görməyinizə görə böyük qürur hissi ilə Sizə təşəkkürümü bildirirəm. Bu yüksək mükafata dünyada gedən geosiyasi proseslərə istiqamət verən qüdrətli Azərbaycan dövlətinin rəhbəri tərəfindən layiq görülmək mənim üçün, seçicilərim üçün çox böyük şərəfdir. Bu həm də Sizin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətə verdiyiniz dəyərdir. Göstərdiyiniz qayğıya və yüksək etimada görə Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm.
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun uğurla davam etdirilməsi naminə yorulmadan apardığınız uğurlu daxili və xarici siyasət kursunu, illərdir üzvü olmaqdan qürur duyduğum Yeni Azərbaycan Partiyasının aparıcı siyasi xəttini dəstəkləməkdən böyük iftixar hissi keçirdirəm. Sizi əmin edirəm ki, bundan sonra da ölkəmizin ictimai-siyasi həyatının səmərəli inkişafı və yüksək etimadınızı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm.
Möhtərəm cənab Prezident, Sizə fəaliyyətimə göstərdiyiniz bu yüksək diqqətə görə bir daha dərin təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı və ali fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin ehtiramla,
Məmmədov Məşhur, Milli Məclisin deputatı.
Azərbaycan Respublikası, Bakı şəhəri.