Şəhid ailəsinin üzvündən, Bakı, Azərbaycan
03 oktyabr 2023, 10:20
Hörmətli cənab Prezident.
Şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi hər zaman Sizin diqqətinizdə olmuşdur. Bu məqsədlə verdiyiniz sərəncamlara uyğun olaraq, bizim ailə də bu il mənzillə təmin olundu. Buna görə həm öz adımdan, həm də şəhid əmanəti, oğlum Elcan Hüseynlinin adından Sizə təşəkkürümü bildirmişəm.
Bu məktubu isə digər bir problemimizin həlli ilə əlaqədar yazıram. Mənzillə təmin olunduğumuz yeni yaşayış kompleksində marşrut problemi var idi. Onun həlli ilə əlaqədar Vətəndaş Qəbulu Mərkəzində oldum və Sizin ünvanınıza müraciət təqdim etdim. Sizin köməyiniz sayəsində məsələ öz həllini tapdı. Övladımın təhsil aldığı liseyə indi marşrut avtobusu ilə rahatlıqla gedib-gələ bilirik.
Cənab Prezident, Sizə inanaraq, güvənərək müraciət etmişdim. Həllinə kömək göstərdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Gündən-günə inkişaf edən Azərbaycanımızın, doğma diyarımızın daha da çiçəklənməsi üçün gördüyünüz işlərdə Sizə bol-bol uğurlar arzu edirəm. Nə yaxşı ki, ölkəmizin Sizin kimi Ali Baş Komandanı var.
Sizinlə fəxr edirik. Hər zaman var olun!
Hörmətlə,
Qarayeva Zülfiyyə İntiqam qızı, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.