İlham Əliyev Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub
28 sentyabr 2023, 18:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlini qoyub.
Dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Bildirildi ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.
Məlumat verildi ki, “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.
Prezident İlham Əliyev 2-ci yaşayış kompleksinin təməlini qoydu.