İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkmişlər
12 sentyabr 2012, 18:30
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkmişlər.
Azərbaycan Prezidentinə və Türkiyə Baş nazirinə Cümə məscidi və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat verildi.
Bildirildi ki, şəhərin mərkəzində yerləşən Cümə məscidinin həyətyanı sahəsi 700 kvadratmetrdir. Məscidin tikintisində yerli inşaat materiallarından - çaylaq daşı və bişmiş kərpicdən istifadə edilmişdir. Minarəsinin hündürlüyü 24 metr olan məscidin taxtadan düzəldilmiş on pilləli minbəri şəbəkə ilə işlənmişdir. İbadət zalının üç giriş qapısı və 44 pəncərəsi vardır. Hündürlüyü iki metr olan mehrab nəbati ornamentlərlə işlənmişdir. İkinci mərtəbədə isə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir. Məscidin nəzdində fəaliyyət göstərən mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyirlər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mədrəsənin tələbələri ilə görüşüb söhbət etdilər.
Şəki Cümə məscidi ilə tanışlıqdan sonra Baş nazir Rəcəb Tayyib Ərdoğana Qurani-Kərim hədiyyə olundu.
Türkiyənin Baş naziri də Cümə məscidinə Qurani-Kərim hədiyyə etdi.