Fuad Əliyevdən, Gəncə, Azərbaycan
21 sentyabr 2023, 15:58
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin hərbi-siyasi rəhbərliyinizlə aparılan və böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir səhifə açıb, sadəcə erməni işğalı nəticəsində itirilmiş torpaqlarımızı deyil, həm də xalqımızın ləyaqətini, milli qürur və özünəinam hissini tam bərpa etmişdir. Lakin 8 Noyabr Zəfərinin mahiyyəti yalnız Azərbaycan və onun sərhədlərinin bərpası ilə məhdudlaşmır. Xüsusilə vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub edən, onun hərbi potensialına ağır zərbə vuran Azərbaycan, bununla bütün regionu hədəf alan faşizm təhlükəsini ortadan qaldırmaqla bəşəriyyət və ümumdünya sivilizasiyasına böyük töhfə verdi. Bu gün bütün dünya işğaldan azad edilən torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklərə baxaraq dövlətimizin necə qorxunc ümumbəşəri bəlaya qarşı mübarizə apardığını dərk etməlidir.
Sizin müharibədən öncə, müharibə zamanı və postmüharibə dövründə diplomatik görüş və beynəlxalq tribunalardakı çıxışlarınızda, o cümlədən dünyanın nüfuzlu media qurumlarına müsahibələrinizdə işğalçı Ermənistan və onun hərbi cinayətləri haqqında səsləndirdiyiniz fikirlər erməni faşizminin ifşa edilməsində, onun ideoloji əsaslarının sarsıdılmasında mühüm rol oynadı, Azərbaycan Ermənistanı sadəcə hərbi platformada deyil, informasiya və diplomatiya müstəvilərində məğlub etdi.
Cənab Ali Baş Komandan, Sizin cəsarət və qətiyyətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində artıq torpaqlarımız işğaldan azad olunub, rayonlarımız yenidən dirçəlməyə başlayıb, keçmiş məcburi köçkünlər öz vətənlərinə qayıdırlar.
Müzəffər Ali Baş Komandan.
Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmalı olduqlarına baxmayaraq, son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törətməkdə davam edib. Torpaqlarımıza minaların döşənməsi nəticəsində 240-dan çox Azərbaycan vətəndaşının həlak olması, yaralanması ilə əlaqədar Ermənistana dəfələrlə xəbərdarlıq edilsə də, onlar öz çirkin əməllərindən əl çəkməyərək bu işi davam etdirirdilər.
Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal antiterror tədbirlərinə başlanılması beynəlxalq hüququn normaları çərçivəsində Azərbaycan Respublikasının konstitusion haqqıdır və əldə olunan qələbə Sizin növbəti uğurunuzdur.
Möhtərəm Prezident!
Erməni terror aktlarının acılarını dəfələrlə öz üzərində hiss etmiş Gəncə şəhər ictimaiyyətinin bütün nümayəndələri Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini qəlbən dəstəkləyir, bu işdə Sizin yanınızda olduğumuzu bəyan etməyi özümüzə borc bilirik.
Uca Allah Müzəffər Ali Baş Komandanımızı və rəşadətli Ordumuzu qorusun!
Əliyev Fuad,
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin sədri, akademik.
Azərbaycan Respublikası, Gəncə şəhəri.