İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olmuşlar
12 sentyabr 2012, 18:35
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olmuşlar.
Məlumat verildi ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ildə abidədə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılmış, 2003-cü ilin sentyabrında məbədin açılışı olmuşdur. Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilmişdir.
Bildirildi ki, Kiş kəndinin Maflar məhəlləsində yerləşən məbədin ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Məbədin həyətində uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı tava daş vardır. Bu tarixi abidənin qülləsi, ona bitişik divarlar yerli materialla – şırım daşla hörülmüş və kirəclə suvanmışdır.
Diqqətə çatdırıldı ki, 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu sübut etmişdir. Misir ehramları da məhz bu cür bünövrə üzərində qurulmuşdur.
Qeyd edildi ki, Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məbədin ilkin orta əsrlərə aid sərdabalarına baxdılar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Kişdən qayıdarkən yolüstü kənd sakinləri İsmayıl İlyasovun, İlyas Süleymanovun və Ənvər Süleymanovun evlərində oldular, ailə üzvləri ilə səmimi söhbət etdilər, onlarla xatirə şəkli çəkdirdilər.