“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
28 avqust 2023, 16:35
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın (bundan sonra – Strategiya) həyata keçirilməsini əlaqələndirsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası:
3.1. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etsin;
3.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2023-cü il