X.Balayevdən, Qazax, Azərbaycan
07 sentyabr 2012, 14:50
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır və imtiyazlı təbəqənin hüquqlarını müdafiə edir. Birliyin Qazax rayon Şöbəsi də Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə edir, sosial, ictimai və mənəvi problemlərinin daha səmərəli həll olunmasına kömək göstərir, onları ətrafında sıx birləşdirərək özünü müxalifət adlandıran bəzi üzdəniraq qüvvələrin təsiri altına düşməsinin qarşısını alır.
Möhtərəm Prezident, biz, Qazax rayonunda yaşayan, Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimiz uğrunda mübarizədə sağlamlıqlarını itirmiş veteranlar Sizin Ramil Səfərovu Azərbaycana gətirtdirərək əfv etməyinizi böyük sevinclə qarşıladıq.
Ramil Səfərovun Azərbaycana qaytarılması, əfvi barədə Sərəncamınız və ona mayor rütbəsi verilməsi Ümummilli liderimizin uzaqgörən siyasətinin qələbəsi, Sizin siyasi arenada göstərdiyiniz dəyanətin və zəhmətin bəhrəsidir. Sizin bu addımınız Azərbaycanın qüdrətli bir dövlət olduğunu mənfur qonşularımıza və onlara dəstək olan bəzi üzdəniraq qüvvələrə bir daha sübut etdi.
Biz veteranlar həmişə Sizin uzaqgörən siyasətinizi bəyənir, dəstəkləyir və dəstəkləyəcəyik. Biz inanırıq ki, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq və Azərbaycanımız daha da qüdrətlənəcəkdir.
Sizə və ailənizə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon Şöbəsinin çoxsaylı üzvləri adından və şəxsən öz adımdan uzun ömür, cansağlığı arzulayıram. Sizə Azərbaycanın xoşbəxt gələcəyi naminə işlərinizdə uğurlar diləyirik.
Hörmətlə,
X.R.Balayev.
Azərbaycan Respublikası, Qazax rayonu.