Rauf Cəbiyev və başqalarından, Masallı, Azərbaycan
26 avqust 2023, 16:00
Hörmətli cənab Prezident.
Sizin 2023-cü il 18 avqust tarixli Sərəncamınıza əsasən, 51 min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan-Əhmədli-Təklə- Köcəkli, Bala Təklə-Şərəfə və Öncəqala-Hüseynhacılı-Viləş-Xallıcalı-Dəlləkli-Qədirli avtomobil yollarının tikintisi məqsədilə 14,6 milyon manat ayırmağınız bütün masallılıları sevindirdi.
İşğaldan azad olunmuş torpaqlarda yenidənqurma işləri aparıldığı dövrdə Masallı rayonuna və masallılılara göstərdiyiniz yüksək diqqət və qayğı Sizin yürütdüyünüz çoxşaxəli siyasətin bir daha sübutudur.
Ölkəmizin hər bir yerində, hər bir vətəndaşın yaxşı yaşamasını məqsəd tutan uğurlu layihələriniz Azərbaycanın günü-gündən inkişaf etməsinə və sosial rifahın yaxşılaşmasına gətirib çıxarır. Biz də Azərbaycan vətəndaşı və Masallı ziyalıları olaraq, bu siyasəti yaxından izləyir və əlimizdən gəldiyi qədər dəstək olmağa və təbliğ etməyə çalışırıq.
Ölkənin uğurlu inkişaf strategiyasını nəzərdə tutan, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin son dayanacağının inkişaf etmiş və dünya sıralalarında yüksək zirvələr fəth edən Azərbaycan olacağına böyük ümid bəsləyirik və buna əminik.
Hörmətlə,
Cəbiyev Rauf,
Mehdiyev Əyyub,
Tağıyeva Əntiqə,
İbadov Hidayət,
Ağayev Hakim,
Cahangirova Nazdərə.
Azərbaycan Respublikası, Masallı şəhəri.