Nizami Şahvələdov və başqalarından, İsmayıllı, Azərbaycan
25 avqust 2023, 17:45
Möhtərəm cənab Prezident.
Sizin qətiyyətli mövqeyiniz sayəsində müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Öz elindən, obasından 30 ildən artıq ayrı düşərək İsmayıllıda məskunlaşmış laçınlılar üçün Qələbə xəbəri əsl toy-bayram oldu. Bu tarixi qələbədən sonra yağı düşmənin əzəli torpaqlarımız olan Laçını tərk etdiyi günün - 26 avqust tarixinin sərəncamınızla “Laçın şəhəri günü” kimi təntənəli qeyd edilməsi torpaq həsrəti ilə yaşayan biz laçınlılara ən böyük hədiyyələrinizdən biridir.
Sizin İsmayıllı rayonunun Basqal qəsəbəsindəki çıxışınız zamanı səsləndirdiyiniz "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq" sözlərinizdən sonra bu istiqamətdə görülən işlər göz qabağındadır. Sizin də qeyd etdiyiniz kimi bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olduğunu bir daha göstərir. İsmayıllının müxtəlif kəndlərində məskunlaşan laçınlılar olaraq doğma torpaqlarımıza birdəfəlik qayıdacağımız günün sevinci ilə yaşayırıq.
Möhtərəm cənab Prezident, biz laçınlılar azad olunmuş torpaqlarımızın abadlaşdırılması istiqamətində görülən işləri, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənirik və dəstəkləyirik. Dövlətimizin gündən-günə inkişafı bizi əmin edir ki, bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yol bizim yeganə yolumuzdur. Bu yolda biz tam qüvvəmizlə Sizin yanınızdayıq. Xalqımızın Sizə etimadı və güvəni sonsuzdur.
Dərin hörmət və ehtiramla,
Şahvələdov Nizami,
Qasımova Saçlı,
Əşrəfov Mehman.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.