“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19 avqust 2023, 19:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci, 3.2.8-ci (hər iki halda), 3.4-cü, 3.5-ci, 3.7-ci, 3.10-cu (hər iki halda), 3.11-ci, 6.5-ci və 8.1-ci maddələrində, 9.1-ci maddəsinin birinci cümləsində, 14.2.8-ci, 14.6-cı (hər iki halda), 15.5-ci maddələrində, 18.1-ci, 18.3-cü və 18.9-cu maddələrinin birinci cümlələrində, 18.10-cu, 19.4-cü, 23.6.3-cü, 23.6.5-ci maddələrində, 23.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 23.8-ci, 24.8-ci, 25.5-ci, 28.4-cü, 28.6-cı maddələrində, 33.5-ci maddəsinin birinci cümləsində, 33.13-cü maddəsinin üçüncü cümləsində, 33.14-cü, 34.10-cu, 38.15-ci, 42.2-ci, 52.2-ci və 58.3-cü (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3.2.8-ci (hər iki halda) maddəsində və 33.13-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 14.6-cı (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 3.4-cü, 3.5-ci, 3.10-cu (ikinci halda), 3.11-ci maddələrində, 9.1-ci maddəsinin birinci cümləsində, 14.2.8-ci, 15.5-ci maddələrində, 18.9-cu maddəsinin birinci cümləsində, 18.10-cu, 19.4-cü, 24.8-ci, 25.5-ci, 28.6-cı maddələrində, 33.5-ci maddəsinin birinci cümləsində, 33.14-cü, 34.10-cu, 38.15-ci, 42.2-ci və 52.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun 1.1.15-ci maddəsində “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 6.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 8.1-ci maddəsində, 18.1-ci və 18.3-cü maddələrinin birinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
1.8. həmin Qanunun 14.6-cı (birinci halda), 28.4-cü və 58.3-cü (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.9. həmin Qanunun 23.6.3-cü maddəsində “orqan (qurum)” dedikdə daşınmaz əmlaka münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, nəqliyyat vasitələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısı”na uyğun olaraq nəqliyyat vasitələrinin növləri üzrə onların qeydiyyatını aparan inzibati orqanlar nəzərdə tutulur;
1.10. həmin Qanunun 23.6.5-ci maddəsində və 23.7-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.11. həmin Qanunun 23.7-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
1.12. həmin Qanunun 23.8-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.13. həmin Qanunun 3.7-ci maddəsində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;
1.14. həmin Qanunun 3.10-cu (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan İnvestisiya Holdinqi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. aşağıdakı normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.2.1. həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydasını;
2.2.2. həmin Qanunun 3.5-ci maddəsinə uyğun olaraq, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydasını;
2.2.3. həmin Qanunun 3.11-ci maddəsinə uyğun olaraq, həmin Qanunun 3.2.9-cu maddəsində nəzərdə tutulan müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarlarını və onlarla bağlı satınalmaların keçirilməsi qaydasını;
2.2.4. həmin Qanunun 9.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksini;
2.2.5. həmin Qanunun 14.2.8-ci maddəsinə uyğun olaraq, satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması qaydalarını;
2.2.6. həmin Qanunun 15.5-ci maddəsinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı haqqında əsasnaməni və elektron satınalmanın keçirilməsi qaydalarını;
2.2.7. həmin Qanunun 18.9-cu maddəsinin birinci cümləsinə və 18.10-cu maddəsinə uyğun olaraq, satınalma planının formasını, habelə satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təsnifat kodlarını və onlardan istifadə qaydasını;
2.2.8. həmin Qanunun 19.4-cü maddəsinə uyğun olaraq, ehtimal olunan qiymətin hesablanması qaydasını;
2.2.9. həmin Qanunun 24.8-ci maddəsinə uyğun olaraq, uyğunluğa dair sənədlər toplusunun və uyğunluq göstəricilərinin qiymətləndirilməsi haqqında qərarın formasını;
2.2.10. həmin Qanunun 25.5-ci maddəsinə uyğun olaraq, şərtlər toplusunun nümunəvi formasını;
2.2.11. həmin Qanunun 28.6-cı maddəsinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğlərini, onların ödənilməsi, geri qaytarılması və həmin Qanunun 28.4-cü maddəsinə uyğun olaraq, ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydalarını;
2.2.12. həmin Qanunun 33.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların həmin Qanunun 23.4.1-ci və 23.4.2-ci maddələrində qeyd olunan tələblərə uyğunluğunun qiymətləndirilməsi meyarlarını;
2.2.13. həmin Qanunun 33.14-cü maddəsinə uyğun olaraq, satınalma güzəştinin tətbiqi qaydasını;
2.2.14. həmin Qanunun 34.10-cu maddəsinə uyğun olaraq, satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun formasını;
2.2.15. həmin Qanunun 38.15-ci maddəsinə uyğun olaraq, satınalma predmeti üzrə satınalma müqaviləsinin nümunəvi formasını;
2.2.16. həmin Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydasını;
2.2.17. həmin Qanunun 52.2-ci maddəsinə uyğun olaraq, çərçivə sazişinin, təklif sorğusunun və həmin Qanunun 51.6-cı maddəsində qeyd olunan satınalma müqaviləsinin nümunəvi formasını;
2.2.18. dövlət satınalmalarının vahid internet portalının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin, habelə həmin informasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədlərini;
2.3. həmin Qanunun 3.10-cu maddəsinə uyğun olaraq, digər kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) tərəfindən həmin Qanunun 3.2.8-ci maddəsi ilə müəyyən edilmiş digər maliyyə vəsaiti hesabına malların, işlərin və xidmətlərin satınalınması qaydalarının təsdiq edilməsini üç ay müddətində təmin etsin;
2.4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Qanunun 23.3.5.1-ci, 23.3.5.2-ci və 23.3.5.3-cü (maliyyə sanksiyasına münasibətdə) maddələrində qeyd olunan halların mövcud olmaması barədə arayış formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Qanunun 23.3.5.3-cü maddəsində (inzibati cəriməyə münasibətdə) qeyd olunan halların mövcud olmaması barədə arayış formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Qanunun 23.3.4-cü və 23.3.6-cı maddələrində qeyd olunan arayış formalarını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Qanunun 23.3.7-ci maddəsində qeyd olunan arayış formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
7. Azərbaycan İnvestisiya Holdinqi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.10-cu maddəsinə uyğun olaraq, həmin Holdinqin idarəetməsinə verilmiş kommersiya hüquqi şəxslərinin müşahidə şuraları (direktorlar şuraları) tərəfindən həmin Qanunun 3.2.8-ci maddəsi ilə müəyyən edilmiş digər maliyyə vəsaiti hesabına malların, işlərin və xidmətlərin satınalınması qaydalarının təsdiq edilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
8. Bu Fərmanın 1-ci hissəsi 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 2023-cü il