Əliməmməd Xamiyev və Möhib Mirzəyevdən, Masallı, Azərbaycan
04 avqust 2023, 16:00
Hörmətli cənab Prezident.
Azərbaycanımızın gözəl bölgələrindən biri də sakinlərinin qürur duyduğu, qonaqlarının heyran qaldığı Masallıdır.
Son illər Masallı daha sürətlə abadlaşır, inkişaf edir. Yaşadığımız Ulum və Dico kəndləri rayonun ən ucqar dağ relyefli kəndlərindəndir. Kəndimiz rayon mərkəzindən 30 kilometr uzaqlıqda yerləşir.
Bu günlərdə kəndlərimiz təbii qazla təmin edilmiş, daimi elektrik enerjisi ilə təchizat yaxşılaşdırılmışdır. Kəndlərimizə gələn yol da təmir olunub. Artıq payız-qış aylarında da sakinlər rayon mərkəzinə, məktəblilər 5 kilometrlik məsafədə yerləşən Kubin kənd məktəbinə rahat gedib-gələ biləcəklər.
Cənab Prezident, Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu daim hiss etdirirsiniz. Regionların inkişafı naminə ölkədə həyata keçirdiyiniz tədbirlər uğurla tamamlanır. İllər sonra bizə göstərilən diqqət və qayğı məhz Sizin yürütdüyünüz siyasətin bariz nümunəsidir.
Ölkənin və vətəndaşların inkişafını nəzərdə tutan, davam etdirdiyiniz Ulu Öndər siyasətini rayonumuzda və kəndlərimizdə görməkdən çox şadıq və bu bizi sevindirir. Kəndlərimizin problemlərinin həlli istiqamətində görülən işlərə, həmçinin aztəminatlı ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına görə kənd sakinləri adından Sizə xüsusi minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun!
Hörmətlə,
Xamiyev Əliməmməd Xamməd oğlu,
Mirzəyev Möhib Adil oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Dico kəndi.