“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
04 avqust 2023, 16:30
Azərbaycan Respublikasının
2023-cü il 14 iyul tarixli 986-VIQD
nömrəli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.