“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
31 iyul 2023, 12:06
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.15-ci maddəsində və 38.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 38.1-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.5-1-ci maddəsinə uyğun olaraq, kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydalarını, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələbləri;
3.1.2. həmin Qanunun 38.2-ci maddəsinə uyğun olaraq, investisiya pul nişanlarının satışı qaydasını;
3.1.3. həmin Qanunun 41-1.1-ci maddəsinə uyğun olaraq, pul nişanlarının reproduksiyası qaydasını;
3.1.4. həmin Qanunun 47.2-ci maddəsinə uyğun olaraq, ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, həmçinin ödəniş alətlərinə dair tələbləri;
3.1.5. həmin Qanunun 48.3.6-cı maddəsinə uyğun olaraq, maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydasını;
3.1.6. həmin Qanunun 50.3-cü maddəsinə uyğun olaraq, xüsusi tənzimləmə rejiminin tətbiqi qaydasını;
3.1.7. həmin Qanunun 51.2-ci maddəsinə uyğun olaraq, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin formasını və məzmununu;
3.1.8. həmin Qanunun 53.4-cü və 53.7-ci maddələrinə uyğun olaraq, yoxlama haqqında hesabatın tərtib edilməsi qaydasını, habelə formasını və məzmununu.
3.2. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 402; 2010, № 2, maddə 80; 2017, № 7, maddələr 1334, 1337; 2019, № 8, maddə 1389; 2020, № 1, maddə 4) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.5-ci bənddə “22.0.5-ci, 22.0.8-ci, 22.0.13-cü, 22.0.16-cı” sözləri “22.1.15-ci maddəsində, 38.1-ci maddəsinin üçüncü cümləsində” sözləri ilə, “və 58.6-cı maddələrində” sözləri “maddələrində və 58.6-cı maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
4.2. 2.6-cı bənddə “58.6-cı maddəsində” sözləri “38.1-ci maddəsinin üçüncü cümləsində və 58.6-cı maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2023-cü il